SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Əlillik müddəti bitir, növbə bitmir: Milli Oftalmologiya Mərkəzi müayinəni 8 ay sonraya yazır

Əlillik müddəti bitir, növbə bitmir: Milli Oftalmologiya Mərkəzi müayinəni 8 ay sonraya yazır

Bakı

Əlilliyi olan şəxslərin gündəlik həyatında üzləşdiyi çətinliklərə daha biri əlavə olunur: əlillik müddəti başa çatdıqdan sonra yenidən tibbi-sosial ekspertizadan keçmək üçün uzunmüddətli növbələr.

Yurd.Media-ya müraciət edən gözdən əlilliyi olan vətəndaşların sözlərinə görə, xüsusilə göz xəstəlikləri üzrə ekspertizanın keçirildiyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində uzun növbələr yaranıb. Vətəndaşların iddiasına görə, ekspertiza üçün gözləmə müddəti bəzi hallarda 8-9 aya qədər uzanır.

Bu vəziyyət isə əlillik müddəti başa çatan şəxslər üçün həm hüquqi, həm də maddi baxımdan ciddi narahatlıq yaradır.

“Avqustda növbəyə yazıldım, apreldə vaxt verildi”

Redaksiyaya müraciət edən gözdən əlilliyi olan S.Ə. bildirib ki, onun əlillik müddəti 5 yanvar 2027-ci ildə başa çatır. Buna görə də növbəti tibbi ekspertizadan keçməlidir.

Vətəndaşın sözlərinə görə, o, ekspertizadan keçmək üçün 4 avqust 2026-cı ildə qeydiyyata düşüb. Lakin ona yalnız 15 aprel 2027-ci il tarixinə boş vaxt təklif olunub.

Beləliklə, vətəndaşın qeydiyyata düşdüyü tarixlə ekspertizadan keçəcəyi tarix arasında 8 aydan çox müddət yaranır.

Üstəlik, ekspertiza ilə proses başa çatmır. Vətəndaşın sözlərinə görə, tibbi ekspertizadan sonra rəyin hazırlanmasını gözləməli, daha sonra isə əlilliyin yenidən təyin edilməsi üçün digər prosedurlar həyata keçirilməlidir. Bu mərhələlərin nə qədər vaxt aparacağı isə əvvəlcədən məlum deyil.

Nəticədə əlilliyin yenidən təyin edilməsi prosesi bir ilə qədər uzana bilər.

Uzun növbə vətəndaşı maddi çətinlik qarşısında qoyur

Məsələnin əsas narahatedici tərəfi isə yalnız uzun müddət gözləmək deyil.

Əlilliyə görə sosial ödənişdən asılı olan vətəndaş üçün əlilliyin yenidən təyin edilməsinin gecikməsi ciddi maddi problemlər yarada bilər. Vətəndaş özündən asılı olmayan səbəbdən – tibbi müəssisədə uzun növbə olduğuna görə – vaxtında ekspertizadan keçə bilmədikdə prosesin necə tənzimlənməsi məsələsi xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı tibb eksperti Rasif Bağırov Yurd.Media-ya bildirib ki, digər xəstəliklər üzrə tibbi ekspertizanın bir neçə tibb müəssisəsində keçirilməsi növbələrin bölüşdürülməsinə imkan verir.

Onun sözlərinə görə, göz xəstəlikləri üzrə ekspertizanın yalnız bir müəssisədə keçirilməsi isə vətəndaşların aylarla növbə gözləməsinə səbəb olan əsas amillərdən biridir.

Ekspert hesab edir ki, digər xəstəliklər üzrə olduğu kimi, göz xəstəliklərinin ekspertizası üçün də alternativ tibb müəssisələrinin müəyyənləşdirilməsi imkanları nəzərdən keçirilməlidir:

“Bir müəssisənin üzərinə bu qədər yük düşdükdə növbələrin yaranması qaçılmaz olur. Alternativ müəssisələrin prosesə cəlb edilməsi vətəndaşların daha qısa müddətdə ekspertizadan keçməsinə imkan yarada bilər”, – ekspert qeyd edib.

Rasif Bağırovun sözlərinə görə, poliklinika həkimlərinin də vətəndaşları əlillik müddətinin başa çatmasına əvvəlcədən hazırlaması vacibdir. Xəstəyə vaxtında məlumat verilməsi onun növbəti ekspertizaya daha tez müraciət etməsinə və son anda yaranan problemlərin qarşısının alınmasına kömək edə bilər.

tibb eksperti Rasif Bağırovtibb eksperti Rasif Bağırov

Nazirlik: “Xəstəxana seçimi və növbələr bizim səlahiyyətimizə aid deyil”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əlilliyin qiymətləndirilməsi prosesi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətində deyil. Proses bir neçə dövlət qurumunun müştərək fəaliyyəti əsasında həyata keçirilir.

Nazirliyin cavabına əsasən, Forma 88-in rəsmiləşdirilməsi mərhələsində vətəndaşın ixtisaslaşmış müayinələrə göndərilməsi Nazirliyin və Agentliyin səlahiyyətlərinə aid deyil.

Ekspertiza üçün yaranan uzun növbələrin azaldılması məqsədilə digər dövlət və ya özəl tibb müəssisələrinin prosesə cəlb edilib-edilməyəcəyi ilə bağlı suala isə Nazirlikdən bildirilib ki, bu məsələ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aid deyil.

Beləliklə, vətəndaşın qarşılaşdığı əsas problem – ixtisaslaşmış tibb müəssisəsində aylarla növbə gözləməsi üzrə məsuliyyətin hansı qurum tərəfindən həll ediləcəyi sualı açıq qalır.

Nazirlik: 6 ay ərzində əlillik yenidən təyin edilərsə, ödənişlər bərpa olunur

Nazirlikdən verilən cavabda əlillik müddəti başa çatan şəxslərin sosial ödənişləri ilə bağlı mühüm məqam da açıqlanıb.

Bildirilib ki, 2021-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, əlillik müddəti başa çatdıqdan sonra 6 ay ərzində əlillik yenidən müəyyən edilərsə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir.

Yəni şəxsə əlillik müddəti başa çatdıqdan sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilərsə, yeni təyinat əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Bu halda həmin ötürülmüş müddət üçün də sosial ödənişlər verilir.

Nazirlik həmçinin bildirib ki, əlilliyin qiymətləndirilməsi və əlilliyə görə sosial ödənişlərin təyinatı proaktiv qaydada həyata keçirilir. Əlillik təyin edildikdə sosial ödənişlər də avtomatik müəyyən edilir və bunun üçün əlavə sənəd təqdim edilməsinə ehtiyac yoxdur.

Lakin burada əsas problem yenə də ortada qalır: vətəndaşın özündən asılı olmayan səbəbdən ekspertiza növbəsi 6 aydan uzun çəkərsə, bu vəziyyət necə həll olunacaq?

Çünki vətəndaşın əlilliyinin yenidən müəyyən edilməsi üçün 8-9 ay gözləməsi yalnız texniki məsələ deyil. Bu, onun sosial təminatının vaxtında rəsmiləşdirilməsinə və gündəlik həyatına birbaşa təsir edən problemdir.

Vətəndaş əlillik müddətini necə izləyə bilər?

Nazirlikdən bildirilib ki, şəxsə əlillik təyin edilərkən onun mobil telefon nömrəsinə SMS bildiriş göndərilir. Həmin mesajda əlilliyin müddəti ilə bağlı məlumat qeyd olunur.

Bundan əlavə, vətəndaşlar əlillik müddətinin başa çatmasını “myGov” portalında müvafiq bölmədən izləyə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sosial media hesablarına müraciət edə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə zəng etməklə məlumat əldə edə bilərlər.

Əsas sual: 8-9 aylıq növbə niyə yaranır?

Yurd.Media akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə də əlaqə saxlayaraq gözdən əlilliyi olan şəxslərin ekspertiza üçün niyə aylarla gözləməli olduğu, növbələrin nə qədər olduğu və problemin aradan qaldırılması istiqamətində hansı tədbirlərin görüldüyünü öyrənməyə çalışıb.

Lakin həkimlərin hazırda məzuniyyətdə olması səbəbindən məsələ ilə bağlı Mərkəzin mövqeyini almaq mümkün olmayıb.

Qanunvericilik 6 ay ərzində əlillik yenidən müəyyən edildikdə ötürülmüş dövr üzrə ödənişlərin bərpasını nəzərdə tutur. Lakin ekspertiza növbəsinin 8-9 aya qədər uzandığı şəraitdə vətəndaşın prosesin hansı mərhələsində, hansı müddətdə və hansı qurumun məsuliyyəti ilə qarşılaşdığı sualları cavabsız qalır.

Əlilliyi olan şəxsin aylarla növbə gözləməsi isə sadəcə növbə problemi deyil – bu, onun sosial təminatına və həyatına birbaşa təsir edən məsələdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları