SÜJET
Uşaqlarla birlikdə kitab oxumaq onların təxəyyülünü inkişaf etdirmək və valideyn-uşaq bağını gücləndirmək üçün əla vasitədir. Lakin psixoloqlar hesab edir ki, bu prosesdə kağız kitablar elektron kitablardan daha üstün seçimdir.
Yurd.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, psixologiya elmləri namizədi, Moskva Dövlət Pedaqoji Universitetinin Pedaqoji psixologiya fakültəsinin dosenti İrina Ryabkova bildirib ki, uşaqlar üçün elektron kitablar tez-tez diqqət yayınmasına səbəb olur və məzmunun mənimsənilməsini çətinləşdirir.
"Kağız kitabların üstünlüyü ondadır ki, hər an dayanıla, şəkillərə baxıla, diqqət cəmlənilə və personajların yaşadıqları vəziyyət müzakirə edilə bilər. Bu cür söhbətlər bəzən hekayənin özündən də dəyərli olur", - deyə Ryabkova bildirib.
Psixoloqun fikrincə, interaktiv elektron kitablar uşaqlarda emosional iştirak hissini zəiflədir. Çünki uşaqlar məzmunu izləmək əvəzinə, düymələrə basmaqla məşğul olur və nəticədə baş verənləri anlamırlar.
"Elektron kitablar nəinki kağız kitabların yerini tuta, hətta böyüklərlə olan canlı ünsiyyəti də əvəz edə bilmir. Uşaqlar üçün oxu prosesi yalnız texniki bir fəaliyyətə çevrilir", - deyə mütəxəssis əlavə edib.
Mütəxəssis qeyd edir ki, sadə süjetli və bol şəkilli kitablar azyaşlı uşaqlar üçün daha münasibdir. Bu cür kitablar uşaqların yaddaşını gücləndirir və personajların hisslərini daha yaxşı anlamağa kömək edir.