SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Ailə, məktəb və cəmiyyət gənc qızların sağlamlığına necə dəstək olur?

Ailə, məktəb və cəmiyyət gənc qızların sağlamlığına necə dəstək olur?

Qız uşaqlarının sağlam inkişafı cəmiyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.

Ailə, məktəb və cəmiyyət gənc qızların sağlamlığına necə dəstək ola bilər?

“Qızların sağlamlığı ailədən və məktəbdən başlayır. Analar və müəllimlər gənc qızlara sağlam bədən, gigiyena, düzgün qidalanma və emosional dəstək mövzularında açıq şəkildə danışmağı bacarmalıdırlar. Cinsi tərbiyə və ginekoloji maarifləndirmə normal həyatın tərkib hissəsi olmalıdır”.

Bu fikirləri Yurd.Media-ya açıqlamasında Mama-ginekoloq Kəmalə Əfəndiyeva deyib.


O bildirib ki, sağlam və ya inkişaf qüsurlu uşaq dünyaya gətirən anaların da bu sahədə düzgün məlumatlandırılması vacib məsələdir:

“Bəzən genetik meyllilik, hamiləlik zamanı düzgün nəzarətin aparılmaması və ya ana sağlamlığının yetərincə qorunmaması nəticəsində uşaqlarda müxtəlif inkişaf problemləri müşahidə oluna bilər. Belə halların qarşısını almaq və gələcək hamiləliklərdə riskləri azaltmaq üçün qadınlara zamanında genetika, qidalanma, vitamin dəstəyi və ginekoloji nəzarətlə bağlı maarifləndirici məlumatlar verilməlidir.
Qız uşaqlarının maarifləndirilməsi təkcə onların şəxsi sağlamlığını deyil, eyni zamanda gələcək anaların və bütöv cəmiyyətin sağlamlığını müəyyən edir”.

Mama-ginekoloq vurğulayıb ki, gənc qızlara sağlam olduqda belə bədənlərini qorumağı öyrətmək lazımdır:

“Gənclikdə atılan hər addım qadın sağlamlığının təməlini qoyur. Bu, istər düzgün qidalanma, istər gigiyenik qaydalara riayət, istərsə də tibbi nəzarət altında olmaq – qadının gələcək sağlamlığı üçün təməl rolunu oynayır.
Mama-ginekoloq olaraq tövsiyəmiz odur ki, gənc qızlarımıza yalnız xəstəlik hallarında deyil, sağlam olduqları zaman da bədənlərini tanımağı, sevməyi və qorumağı öyrədək. Beləliklə, həm sağlam analar, həm də sağlam cəmiyyət yetişdirə bilərik”.

Prime Leasing