ençjou Tibb Universitetinin (Çin) mütəxəssisləri aşkar ediblər ki, stabil yuxu qrafiki və gecə ərzində səkkiz saat yuxu sağlam yaşlanma prosesi üçün ən optimal şərait yaradır.
Yurd.Media xəbər verir ki, araşdırmada orta yaşı 60 olan 3306 könüllü iştirak edib. İştirakçıların ümumi yuxu müddəti 2011, 2013 və 2015-ci illərdə könüllülərin şəxsən təqdim etdikləri məlumatlara əsasən gecə və gündüz yuxusunun ümumiləşdirilməsi yolu ilə hesablanıb.
Mütəxəssislər sağlam yaşlanmanı beş kriteriya əsasında dəyərləndiriblər: xroniki xəstəliklərin mövcud olmaması, gündəlik işləri müstəqil şəkildə həyata keçirmək bacarığı, koqnitiv sağlamlıq, depressiya əlamətlərinin minimum səviyyədə olması və sosial aktivlik. Analiz zamanı bədən kütləsi indeksi (BKİ), həyat tərzi, fiziki fəallıq dərəcəsi, zərərli vərdişlər, gəlir, təhsil, yaşayış yeri, cins və yaş kimi faktorlar nəzərə alınaraq korreksiya aparılıb.
Doqquz illik müşahidə dövrü ərzində iştirakçıların böyük hissəsi (81%) xroniki xəstəliklərdən yan keçib, ancaq cəmi 13.8%-i uğurlu yaşlanma kriteriyalarına uyğun gəlib.
Tədqiqatçılar beş fərqli yuxu modelini təsbit ediblər: qısa sabit, artan (müddətə görə), azalan, uzun sabit və normal sabit. Normal sabit yuxu rejiminə malik olan qrupda sağlam yaşlanma nəticələri ən yüksək həddə — 18.1% səviyyəsində qeydə alınıb.
Normal sabit və uzun sabit yuxu modelləri uğurlu yaşlanma baxımından daha münasib olub, qısa sabit, artan və azalan yuxu rejimləri isə daha zəif sağlamlıq nəticələri ilə müşayiət olunub.
Bundan əlavə, məlum olub ki, gündə yeddi saatdan az yatmaq yaşlı dövrdə rifahın əldə edilmə ehtimalını aşağı salır. Yuxu müddətində ciddi dəyişkənlik müşahidə olunan iştirakçılarda da sağlam yaşlanma şansı daha az olub. Bu nəticələr müxtəlif çəki kateqoriyalarına aid olan, siqaret və alkoqol istifadə edən, həmçinin fərqli yaş qruplarından olan kişi və qadınlar daxil olmaqla bütün alt qruplar üzrə eyni nəticə göstərib.