İnsan orqanizmi havanın dəyişkənliklərinə qarşı kifayət qədər dözümlü hesab olunur. Orqanizmdə mövcud olan müdafiə mexanizmləri bizi ətraf mühitin iqlim dəyişikliklərinə qarşı qorumaq funksiyasını yerinə yetirir. Bu müdafiə reaksiyaları fəallaşaraq orqanizmi mühafizə edir.
Yurd.Media xəbər verir ki, həkimlərin bildirdiyinə görə, payız fəslinin başlaması ilə havanın temperaturu aşağı düşür və orqanizmin müdafiə ehtiyatları müəyyən müddətdən sonra tükənməyə başlayır. Buna görə də sağlamlığı qorumaq məqsədilə insanlar əlavə tədbirlərə əl atmalıdır:
"Kompensator reaksiyalar uzun müddət ərzində öz-özünə davam edə bilmir. Bu ehtiyatlar bitdikdən sonra orqanizmin temperatur tənzimlənməsi prosesi pozulur. Məhz bu səbəbdən havaya münasib geyim seçmək vacibdir. Soyuqdəymə xəstəliyinə tutulan insanlar əksər hallarda geyim formasını düzgün müəyyənləşdirməyən, havanın temperatur dəyişkənliyini nəzərə almayanlardır. Belə insanlar soyuqdəymə xəstəliyinə məruz qalır, müəyyən viruslar aktivləşir və arzuolunmaz sağlamlıq problemləri meydana gəlir. Soyuq hava şəraitində ən düzgün yol havanın temperaturuna uyğun geyim forması seçmək və münasib davranış qaydalarına riayət etməkdir".