Anemiya növləri üçün pəhriz nümunəsi olaraq səhər yeməyində yumurta (qayğanaq və ya suda bişmiş), tam buğda çörəyi ilə hazırlanmış sendviç, bir stəkan təzə sıxılmış portağal suyu yemək olar. Nahar yeməyində qırmızı ət (qızardılmış və ya qaynadılmış), yaşıl salat (pomidor, ispanaq, limon suyu ilə), mərci şorbası, bir dilim tam buğda çörəyi yemək məsləhətdir. Axşam yeməyində isə toyuq və ya balıq, brokoli və gül kələmi ilə hazırlanmış tərəvəz qarışığı, qəhvəyi düyü və ya kinoa, bir stəkan qatıq yemek lazımdır. Ara yeməklərdə quru meyvələr (qaysı, kişmiş), fındıq, badam, meyvə (alma, armud və s) tövsiyə olunur.
Yurd.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Oksana Abbasova anemiya xəstələri üçün məsləhət gördüyü pəhriz nümunəsini açıqlayarkən deyib.
O qeyd edib ki, anemiya qan azlığı kimi tanınan bir vəziyyətdir və qanda kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin və ya hemoglobinin olmaması ilə xarakterizə edilir. Anemiya növləri və əsas səbəbləri kimi dəmir çatışmazlığı anemiyasını, B12 vitamini çatışmazlığı anemiyasını və fol turşusu çatışmazlığı anemiyasını deyə bilərik:
"Anemiyaya qarşı profilaktik qidalanma prinsipləri dedikdə, ağlımıza ilk olaraq dəmirlə zəngin qidalar gəlir. Dəmir, qırmızı qan hüceyrələrində oksigen daşıyan hemoglobinin əsas komponentidir. İki növ dəmir var: Heme dəmir və non-heme dəmir. Heme dəmir əsasən heyvan mənşəli qidalarda olur və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Non-heme dəmir bitki mənşəli qidalarda olur və mənimsənilməsi daha çətindir.
Heme dəmir mənbələri kimi mal əti, quzu əti, qoyun əti, toyuq və hinduşka əti, balıq növləri (somon, sardina, ton balığı), ciyər (mal və quş ciyəri) və digər daxili orqanları misal olaraq göstərmək olar. Non-heme dəmir mənbələri kimi yaşıl yarpaqlı tərəvəzləri (ispanaq, pazı, kələm, brokoli), paxlalılar (mərcimək, noxud, lobya), tam taxılları (yulaf, buğda, darı),quru meyvələri (qaysı, kişmiş, gavalı qurusu), çərəzləri (badam, fındıq, balqabaq və günəbaxan tumu) misal gətirmək olar".