Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən“SHABRAN-D” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) reklam qaydalarını pozması müəyyən edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Abşeron rayonunda yerləşən Suvarma Sistemləri adlı obyektin fasadında açıq məkanda müvafiq icazə olmadan reklam yayımı daşıyıcılarının yerləşdirilməsi faktı aşkar edilib.
Obyektin fasadında yerləşdirilmiş müvafiq reklam yayımı daşıyıcısı olan lövhənin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilib. Bununla da, “SHABRAN-D“ MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində 5 min manat məbləğində cərimə yazılıb. Qeyd edək ki, MMC 2004-cü ildə yaradılıb. Şirkət İntensiv suvarma layihələrinin hazırlanması, suvarma sistemlərinin quraşdırılması və bu sahəyə aid material təchizatı sahəsində ixtisaslaşıb.