SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Şuşada məscid tikintisində qanunsuzluq edən Marshall Group” və direktoru cərimələndi

Şuşada məscid tikintisində qanunsuzluq edən "Marshall Group” və direktoru cərimələndi

  • 15 sentyabr 2026, 10:48
Şuşa

“Marshall Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və direktoru Samir Seyfəddin oğlu Verdiyev cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-nin direktoru əmək müqaviləsi bağlamadan fiziki şəxsi Şuşa şəhərində yerləşən Yeni Məscid layihəsi üzrə aparılan tikinti işlərində dəmir, qəlib və suvaqçı kimi işlərin yerinə yetirilməsinə cəlb edib. 

Bununla bağlı Şuşa Rayon Prokurorluğuna daxil olmuş material əsasında araşdırma aparılıb və rayon prokurorunun qərarı ilə “Marshall Group” və onun direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Belə ki, işlərə cəlb edilən fiziki şəxs – Nahid Ləzgi oğlu Hümbətov izahatında göstərib ki, 2026-cı ildə Şuşa şəhərində yerləşən Yeni Məscid layihəsi üzrə aparılan tikintidə işlərə cəlb edilsə də, onunla əmək müqaviləsi bağlanmayıb və əmək haqqı ödənilməyib. 

“Marshall Group” MMC-nin təsisçisi və icraçı direktoru Samir Verdiyev Nahid Hümbətov ilə bağlı inzibati xəta üzrə izahat verib.

Şirkət rəhbəri bildirib ki, Nahid şirkətdə suvaqçı kimi çalışıb, lakin tapşırılan işləri vaxtında və lazımi keyfiyyətdə təhvil vermədiyi üçün əmək müqaviləsinə xitam verilib.

Şirkət rəhbəri qeyd edib ki, görülən işlər podratçı tərəfindən qəbul edilmədiyindən ödəniş həyata keçirilməyib. Nahid işdən ayrıldıqdan sonra qalan əməkhaqqını tələb etsə də, ona işlər qəbul edildikdən və ödəniş həyata keçirildikdən sonra əməkhaqqının verilə biləcəyi bildirilib.

İzahatda həmçinin işlərin keyfiyyət baxımından uyğun olmadığı və bu səbəbdən qəbul edilmədiyi qeyd olunub.

Eyni zamanda MMC-nin rəhbəri izahatında Nahid ilə əmək müqaviləsi bağlandığını, lakin nə zaman bağlandığını xatırlamadığını qeyd edib. 

Şuşa Rayon Məhkəməsinin qərarı ilə “Marshall Group” 20 min manat, Samir Verdiyev isə 3 min manat cərimə olunub.

Skat.az - Ev və Avtomobil elanları