“Retro Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) gömrük qanunvericiliyinin tələblərini pozması faktı aşkarlanıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, faktla bağlı Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən şirkət barəsində inzibati protokol tərtib edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, nəqliyyat vasitəsi ilə gətirilən mallar Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə bəyan olunsa da, mallar Azərbaycanın gömrük ərazisinə gətirilməzdən əvvəl Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə uyğun olaraq gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməyib.
Dövlət Gömrük Komitəsinin informasiya resursunda əks olunan məlumata əsasən, 99 YK 041 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə şirkətə göndərilən mallar Samur gömrük postundan keçməklə ölkənin gömrük ərazisinə daxil olub. Lakin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron qaydada təqdim edilməyib.
Bu səbəbdən “Retro Holding” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) ilə inzibati protokol tərtib olunub.
İşə baxılması üçün materiallar Xəzər Rayon Məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə “Retro Holding” MMC barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilib.