SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Rafət Şirəliyev: “Güclü Azərbaycan gənclərin bilik və təşəbbüsləri ilə daha da inkişaf edir”

Rafət Şirəliyev: “Güclü Azərbaycan gənclərin bilik və təşəbbüsləri ilə daha da inkişaf edir”

  • 01 fevral 2026, 16:38

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Yaradıcı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin sədri Rafət Şirəliyev gəncləri təbrik edib, ölkənin inkişafında gənclərin roluna və qarşıda duran vəzifələrə dair fikirlərini bölüşüb.

Yurd.Media xəbər verir ki, Rafət Şirəliyev bildirib ki, Azərbaycanda gənclər siyasətinin formalaşması və institusional əsaslarının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilib, 1997-ci ildə isə 2 Fevral tarixi Azərbaycan Gəncləri Günü elan edilib. Bu qərarlar gənclərin dövlət və cəmiyyət həyatında iştirakının genişləndirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm mərhələ olub.

Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsil alması, beynəlxalq təcrübə qazanması, sahibkarlıq və innovasiya sahələrində təşəbbüslər göstərməsi, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakı üçün yeni imkanlar yaradılır. Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, eləcə də müxtəlif dövlət proqramlarının fəaliyyəti bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsidir.

Rafət Şirəliyev qeyd edib ki, müasir dövrdə gənclərin inkişafı yalnız ənənəvi bilik və bacarıqlarla məhdudlaşmamalıdır. Rəqəmsal savadlılıq, süni intellektdən düzgün istifadə, innovativ düşüncə, sahibkarlıq, layihələrin idarə olunması və komanda işi gənclərin gələcək uğurlarını müəyyən edən əsas bacarıqlardandır.

O vurğulayıb ki, gənclər mövcud imkanlardan yararlanmaqla yanaşı, özləri də yeni təşəbbüslər irəli sürməli, ideyalarını inkişaf etdirməli və cəmiyyətin aktual problemlərinin həllində iştirak etməlidirlər. Xüsusilə regionlarda yaşayan gənclərin potensialının üzə çıxarılması, onların keyfiyyətli təlimlərə, rəqəmsal resurslara və inkişaf imkanlarına çıxışının genişləndirilməsi vacibdir.

“Yaradıcı Gənclər” İctimai Birliyi olaraq bizim əsas məqsədimiz gənclərin yaradıcı potensialını üzə çıxarmaq, onların sosial, ekoloji, innovativ və ictimai təşəbbüslərini dəstəkləməkdir. İnanırıq ki, hər bir gəncin bir ideyası, hər bir ideyanın isə cəmiyyət üçün faydalı nəticəyə çevrilmək potensialı var. Bunun üçün gənclərə yalnız imkan təqdim etmək deyil, həm də onların təşəbbüs göstərməsinə, məsuliyyət götürməsinə və öz layihələrini həyata keçirməsinə şərait yaratmaq lazımdır”, – deyə Rafət Şirəliyev bildirib.

Sonda təşkilat sədri bütün Azərbaycan gənclərini 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar, yeni ideyalar, yaradıcı təşəbbüslər və ölkəmizin inkişafına töhfə verəcək fəaliyyətlər arzulayıb.

Skat.az - Ev və Avtomobil elanları