SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qızılın alıcısı az, qiyməti isə artır - SƏBƏB NƏDİR?

Qızılın alıcısı az, qiyməti isə artır - SƏBƏB NƏDİR?

Son vaxtlar bazarda qızıl məmulatlarının qiymətində artım müşahidə olunur. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olan başlıca amildir. Alıcılar qiymət artımından, satıcılar isə satışın az olmasından şikayətlənirlər. Satıcıların sözlərinə görə, bu ay ötən ayla müqayisədə qızıl məmulatlarına olan təlabat daha azdır. Bəs bu artımının səbəbi nədir və məhərrəmlik ayından sonra toy etmək istəyənlərə necə təsir göstərəcək?

İqtisadçı Asif İbrahimov Yurd.Media-ya bildirilib ki, qızıl bazarında qiymət dalğalanmaları iqtisadi prosesdir:

"Ümümiyyətlə demək olmaz ki, qızılın qiyməti bahalaşıb. Azərbaycanda qızıl məmulatlarının qiyməti yalnız dünya bazarındakı birja qiymətlərindən asılı deyil. Qiymət geosiyasi risklər, mərkəzi bankın pul siyasəti, inflyasiya gözləntiləri, ABŞ dollarının məzənnəsi eyni zamanda beynəlxalq maliyyə bazarlarındakı vəziyyətdən birbaşa asılıdır. Həmçinin, emal xərcləri, idxal və logistika xərcləri, satıcı marjası eyni zamanda daxili bazarda mövsümü tələb-təklif amili təsir göstərir. Son bir ay ərzində dünya bazarında qızılın qiymətində enmə baş verir. Lakin bu qızılın ucuzlaşma anlamına gəlmir. Əksinə, əvvəlki illərlə müqayisədə hələ də yüksək olaraq qalır və bazarda dəyişkənlik davam edir."

İqtisadçı Asif İbrahimovİqtisadçı Asif İbrahimov

İqtisadçı onu da vurğuladı ki, məhərrəmlik aylarından sonra toy mövsümünün başlanması qızıl məmulatları tələbatının artmasna, bu isə satış qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər:

"Hesab edirəm ki, yaxın dövrdə qızıl bazarında əsas amil qlobal iqtisadi proseslər olacaq. Əgər geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik davam edərsə, qiymətlər yenidən yüksələ bilər. Buna görə də istehlakçılar qısa müddətli dəyişkənliklərə əsasən, tələsik qərar verməməli, bazarda ümumi tendensiyanı izləməli, öz risklərini müəyyənləşdirməlidirlər."

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov isə Yurd.Media-ya bildirib ki, qızılın qiyməti son dövrdə müəyyən korreksiyaya məruz qalsa da, son 12 ay ərzində təxminən 33 faiz yüksəlib:

"Qızıl məmulatlarının qiymətində müşahidə olunan artım, ilk növbədə, beynəlxalq qızıl bazarındakı qiymət dinamikası ilə əlaqədardır. Qızılın dünya bazarındakı qiymətinin formalaşmasına geosiyasi risklər, inflyasiya gözləntiləri, ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasəti, faiz dərəcələri, mərkəzi bankların qızıl alışları, investisiya tələbi və maliyyə bazarlarındakı dəyişkənlik təsir göstərir. Beynəlxalq bazarda London Külçə Bazarı Assosiasiyası tərəfindən müəyyən edilən “LBMA Gold Price” qızıl üzrə əsas qlobal qiymət indikatorlarından biri hesab olunur.

Yerli pərakəndə bazarda isə beynəlxalq qiymətlə yanaşı, məmulatın əyarı və çəkisi, istehsal və emal xərcləri, dizayn və işçilik haqqı, qiymətli daşların mövcudluğu, idxal və logistika xərcləri, eləcə də kommersiya marjası son satış qiymətinin formalaşmasına təsir göstərir."

R.Əmircanov onu da qeyd edib ki, qızılın bahalaşması istehlakçıların alıcılıq qabiliyyətinə, tələb strukturuna və istehlak davranışına da təsirsiz ötüşmür:

"Məhərrəmlik dövründə toy mərasimlərinin sayının azalması satış həcminin, mal dövriyyəsinin və müəssisələrin gəlirlərinin zəifləməsinə səbəb olur. Məhərrəmlik ayından sonra isə toyların sayının artması ilə əlaqədar qızıl məmulatlarına tələbin yüksələcəyi gözlənilir. Bu artım pərakəndə satış həcminə, bazar dövriyyəsinə və sahibkarlıq subyektlərinin kommersiya fəaliyyətinə müsbət təsir göstərə bilər."

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov

Sədr müavini vurğuladı ki, qızıl məmulatının ucuz və ya bahalı olması, ilk növbədə, onun əyarından asılıdır. Eyni çəki və oxşar işçilik şəraitində aşağı əyarlı qızıl məmulatları daha münasib qiymətə, yüksək əyarlı məmulatlar isə daha yüksək qiymətə təklif olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları