Gəncə şəhəri, Tağa Arani küçəsi 25 ünvanında yerləşən, 75 ailənin yaşadığı binanın zirzəmisini artıq bir ildən çoxdur ki, çirkab su basıb.
Yurd.Media xəbər verir ki, 2024-cü ildə kanalizasiya xəttində baş vermiş partlayışdan sonra zirzəmi daimi olaraq su ilə dolur. Nəticədə binada nəmişlik, rütubət, həşərat və qurunt sularının yaratdığı çatlar müşahidə olunur.
Sakinlərin "Real TV"-verdiyi məlumata görə, xüsusilə yağışlı günlərdə vəziyyət daha da pisləşir. Zirzəmidəki çirkab suyun binanın dayanıqlığına təhlükə yaratdığı qeyd olunur.
Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı istismar sahəsindən bildirilir ki, problemə səbəb sakinlərin qanunsuz artırmalarla yeni kanalizasiya sisteminə qoşulmağa imkan verməməsidir. Qurum rəhbəri Zəfər Ələkbərov qeyd edib ki, məsələ ilə bağlı dəfələrlə rəsmi müraciət olunub və hazırda binanın köhnə kanalizasiya xətlərinin yenilənməsi üçün işlər aparılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də məsələyə münasibət bildirərək qeyd edib ki, çirkab sular mütəmadi olaraq xüsusi avadanlıqla təmizlənir. Lakin problemin tam həlli üçün binanın köhnə kanalizasiya xətləri yenilənməli və yeni sistemə qoşulmalıdır.
Qeyd edək ki, ərazidə “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində işlər aparılsa da, bəzi texniki səbəblərdən bu bina hələ də yeni sistemə qoşulmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən işlər davam
etdirilir.