SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Efiopiyanın Baş naziri Azərbaycanda rəsmi səfərdə - FOTO

Efiopiyanın Baş naziri Azərbaycanda rəsmi səfərdə - FOTO

  • 27 fevral 2026, 11:22

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfərə gəlib.

Yurd.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

***

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Efiopiyanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

 *** 

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin fevralın 27-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.

Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.

***

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları