Türkiyə ilə Azərbaycan iş adamlarının daha rahat və üstün şərtlərlə əməkdaşlıq qurması üçün birgə iş aparılır.
Yurd.Media xəbər verir ki, bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Vitse-prezident qeyd edib ki, Türk Hizmət Anadolunun fəaliyyət planında nəzərdə tutulan istiqamətlər üzrə danışıqlar davam etdirilir və iş adamlarının daha rahat və üstün şərtlərlə əməkdaşlıq qurması üçün birgə iş aparılır.
Onun sözlərinə görə, hazırda Türkiyədən Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi təxminən 18 milyard dollar təşkil edir. Azərbaycandan Türkiyəyə edilən investisiyalar isə 21 milyard dollara yaxınlaşıb.
Cevdet Yılmaz bildirib ki, ümumilikdə 39 milyard dollarlıq investisiya həcmi əhəmiyyətli göstəricidir və bu rəqəmin gələcəkdə daha da artırılması hədəflənir. O, bu kimi forumların qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıb.
Qeyd edək ki, II Azərbaycan–Türkiyə İnvestisiya Forumu 23 dekabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilib. Forumda hər iki ölkənin hökumət üzvləri, iqtisadi qurumların rəhbərləri və iş adamları iştirak ediblər.