“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) borc tələbinə dair müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank cavabdehə qarşı borc tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edib.
İddiaçı bank xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 6902 manat borcun və ödənilmiş 89 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddia tələbi onunla əsaslandırılıb ki, bankın Nərimanov filialı və cavabdeh arasında bağlanmış 2023-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilib.
Tərəflər arasında bağlanmış “Tam kart” müqaviləsinin 9.6-cı bəndi ilə müəyyən edilib ki, müştəri texniki “Overdraft” baş verdiyi təqdirdə yaranmış borcu “Overdraft” məbləği qədər kredit xətti təyin edilməsinə Mülki Məcəllənin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir.
Müştəri heç bir halda ləğv etməyəcəyini bəyan edir.
Gənclik filialının müştərisi olan cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına sistemdə baş vermiş xətadan sui-istifadə edərək 109 613 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olub.
Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 102 955 manat ödəniş edilməmiş və hesab 6657 manat mənfidə qalıb.
Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 245 manat borcu mövcuddur.
Hal-hazırda cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 6902 manat borc mövcuddur.
Onu da qeyd edək ki, cavabdeh illər öncə sözügedən bankının əməkdaşı olub. O, iddia edib ki, ailə məsələsi ilə bağlı kredit götürüb. Məlum olmayan səbəblərdən müqaviləsinə xitam veriblər, amma səbəb deməyiblər.
“Hər ay kreditimi ödəmişəm. İşdən çıxarıldıqdan sonra kredit dərəcəsi 10 faizdən 25 faizə qalxıb. Həm işsiz olmuşam, həm kredit borcum olub. Uzun müddət iş tapa bilməmişəm. Azərbaycan Beynəlxalq Bankının mənə qarşı haqsızlığına qarşı məbləği götürmüşəm. 50000 manatı aparıb qaytarmışam. Məndə bütün çıxarışlar, Milliön aparatı vasitəsilə pulu vurduğum qəbzlər də olub. Hesablamada səhv var - borcum 5750 manatdır, 6900 manat deyil” – deyə cavabdeh qeyd edib.
Cavabdeh çıxışının sonunda göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin məhkəmədən rədd edilməsini xahiş edib.
Məhkəmə iddia tələbini qismən təmin edib.
Cavabdehdən 6658 manat və dövlət rüsumunun 87 manat hissəsinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılıb.