SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Azəriqaz” Ağdaşda apteki sökdürmək istədi - MƏHKƏMƏ QƏRARI

“Azəriqaz” Ağdaşda apteki sökdürmək istədi - MƏHKƏMƏ QƏRARI

  • 11 iyun 2026, 14:13
Ağdaş

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qanunsuz tikilinin sökülməsi ilə bağlı Ağdaş rayonunda sahibkarı məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azəriqaz” Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Həsənov Vüqar Nazim oğlundan tikdiyi "Buta Aptek"in öz hesabına sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutulması istənilib. 

İddia tələbi onunla əsaslandırılıb ki, Həsənov tərəfindən Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Azəriqaz” İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş rayon Şəmsabad QPS-dən Ağdaş şəhərinə gələn d-273 mm diametrli orta təzyiqli yeraltı qaz kəmərinin Ağdaş şəhəri, H.Əliyev prospektindən keçən hissəsinin 0.7 m-də özünə məxsus aptek inşa edib. 

Bununla əlaqədar olaraq Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsi tərəfindən həmin ünvanda baxış keçirilib və mühafizə zonasının pozulmasına dair akt tərtib edilib. 

Lakin keçən müddət ərzində qanun pozuntusu cavabdeh tərəfindən hələ də aradan qaldırılmayıb. 

Həsənov da öz növbəsində məhkəməyə müraciət edib və bildirib ki, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqlarına aid olan sahibkarlıq məqsədi ilə ayrılmış həmin torpaq sahəsində bir mərtəbəli sahibkarlıq obyektinin rəsmiləşdirilməsini xahiş edib. 

Müraciətindən sonra aidiyyati qurumlar, o cümlədən iddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndələri sahibkarlıq obyektinə baxış keçirib, sahibkarlıq obyektinin tikintisinin heç bir kommunikasıya xətlərinə, o cümlədən orta təzyiqli qaz kəməri xəttinə maneçilik törətməməsi və tikinti norma və qaydalarına uyğun olaraq inşa edilməsi barədə akt tərtib edilərək baxışda iştirak edən məsul şəxslər tərəfindən imzalanaraq möhürləri ilə təsdiq edilib. 

Şikayətçi bildirib ki, Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən inşa edilmiş sahibkarlıq obyektinin onun adına rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlər aidiyyəti qurumlara təqdim olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin Yevlax Ərazi İdarəsindən ünvan reyestri arayışları, həmçinin “Bayramoğlu” MMC tərəfindən hazırlanmış tikinti layihəsi Ağdaş Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra icra başçısının müvafiq sərəncamı ilə Heydər Əliyev prospektində yerləşən, sahəsi 66,7 kvadratmetr olan bir mərtəbəli obyektin onun adına rəsmiləşdirilməsinə və tikintisinə icazə verilib. Layihə Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilib.

Şikayətçinin sözlərinə görə, obyekt tam hazır olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin nümayəndələri və digər aidiyyəti qurumlar tərəfindən baxış keçirilib və tikilinin bütün norma və qaydalara uyğun olduğu təsdiqlənib. Nəticədə obyektin istismara hazır olduğu rəsmi şəkildə qəbul edilib.

Cavabdeh bildirib ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi ona maddi və mənəvi zərər vurmaqdır. O, iddia ərizəsinin əsassız olduğunu əsas gətirərək rədd edilməsini xahiş edib.

Məhkəmə işi araşdırdıqdan sonra hakim “Azəriqaz” İstehsalat Birliyinin Vüqar Həsənova qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə qaldırdığı iddianın təmin edilməməsi barədə qətnamə çıxarıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları