İşğaldan azad olunmuş ərazilərdəki filiz yatağından qədim tarixin izləri üzə çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan Yurd.Media-ya bildirilib ki, "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi" tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında "Dəmirli" Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayonu, Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.
Bildirilib ki, "Dəmirli" Filiz Emalı Kompleks ərazisində aparılan arxeoloji monitorinq zamanı Kompleksin ərazisində qeydə alınmış neolit dövrü yaşayış yeri tədqiqat üçün seçilib.
"Canyataq qədim yaşayış yeri, eyni adlı müasir kəndin şimal-şərq hissəsində diametri təxminən 250 m, çay dərəsindən hündürlüyü 30-35 m olan allüvial təpənin cənub hissəsində kiçik bir ərazini əhatə edir. Təpə şimal hissədə Gülyataq çayının dərəsi ilə, cənub-şərq istiqamətindən isə Canyataq çayı ilə hüdudlanır.
Təpənin cənub-şərq yamacında qoyulmuş yoxlama qazıntısı zamanı neolit dövrünə aid zəngin saxsı nümunələri, xeyli sayda osteoloji qalıqlar aşkar edilib. Görünən mənzərəyə görə neolit sakinləri bu əraziyə gəldikləri dövrdə ancaq təpənin həmişə gün işığı görən, maili şərq və qərb yamacında kiçik bir ərazidə məskunlaşıblar.
Qarabağın neolit əhalisi ətraf ərazilərdə mövcud faydalı qazıntı yataqlarının varlığı haqqında biliklərə malik idilər. Ehtimala görə, düzənlik ərazidə yerləşən ayrı-ayrı yaşayış məskənləri və ya bu məskənlər daxilində kiçik qruplar faydalı qazıntıların tədarükü və ticarəti ilə məşğul olurdular. Canyataq da, böyük ehtimalla məhz oxra (sarı, narıncı, qırmızı və qəhvəyi çalarlı təbii boya kimi işlədilən təbii mineral piqment) tədarükü həyata keçirən bir düşərgə idi. Buradan aşkar edilmiş çoxlu sayda iri daş alət fraqmentləri və oxra qırıntıları bu ehtimalın sübutu olaraq göstərilə bilər. Qarabağın neolit dövrü mədənçiləri düşərgənin yaxınlığında mövcud yataqlardan oxranı əldə edərək buraya gətirib, kiçik parçalara bölərək düzən ərazilərə daşıyıblar.
"Dəmirli" Filiz Emalı Kompleksi ərazisinin arxeoloji monitorinqi zamanı, ilkin müşahidələr göstərdi ki, ərazidə vaxtilə müsəlman qəbiristanlığı mövcud olub. Təəssüflər olsun ki, işğal dövründə ərazidə maddi sərvətlərimizi talamağa başlayan erməni vandalları tərəfindən, mədəni və mənəvi irsimizə də böyük ziyan vurulub. Qəbiristanlıq salınmış təpənin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yol inşa edilib. Müşahidələrdən aydın olur ki, işğalçıların apardığı torpaq işləri zamanı insan sümükləri aşkar edilib və ərazidə müsəlman qəbirləri onlara bəlli olduqdan sonra qəbiristanlıq işğalçılar tərəfindən daha geniş formada dağıntıya məruz qalıb.