SÜJET
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il heç bir lizinq şirkətinə qarşı tədbir görməyib.
Yurd.Media xəbər verir ki, sonuncu dəfə 2024-cü ilin noyabr ayında “Legion Financial” ASC, “Level Leasing” və “Ekolizinq” MMC-lər, ondan əvvəl avqust ayında isə “Prior Leasing” ASC AMB-nin hədəfinə gəlib. İlk üç şirkət maliyyə hesabatlarını Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlamadıqları üçün, sonuncu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozduqları üçün cərimələniblər.
Lizinq şirkətlərindən fərqli olaraq AMB bankları, bank olmayan kredit təşkilatlarını, kredit ittifaqlarını, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni, investisiya şirkətlərini, “Bakı Fond Birjası” QSC-ni, ödəniş təşkilatlarını, sığorta şirkətlərini, valyuta mübadiləsi məntəqələrini, lombard şirkətlərini vaxtaşırı cəzalandırır.