Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib.
Yurd.Media qatarla səyahət edən ilk sərnişinlərin təəssüratlarını öyrənib:
Məhərov Fərhad bildirib ki, 1992-ci ildə Azərbaycan Silahlı qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib:
"2016-cı ildə Aprel döyüşlərində də iştirak etmişəm, 2018-ci ildə ordu sıralarından təxris olunmuşam. Hazırda Ağdam Rayon Mərkəzi xəstəxanasının terapiya şöbəsində fəaliyyətimi davam etdirirəm. Bu gün doğma şəhərim Ağdama qatarla getməkdən fəxr hissi duyuram. Qatarın ilk sərnişinlərindən olmaq da qürurvericidir”.
Müğənni Cabir Abdullayev bildirib ki, Ağdamın Zərnişalı kəndindəndir:
"Əvvəllər axşam köhnə qatarlarla Ağdamdan Bakıya tez-tez gəlirdik. Ağdamlı olaraq çox sevincliyik ki, Ağdama yeni növ sürətli qatarlarla gedirik. Ömrümün ən xoşbəxt günlərindən birini yaşayıram. Bu cür infrastruktura Ali Baş Komandanımız və şəhidlərimizin gücü, qüdrəti sayəsində nail olundu. Bütün Ağdamlıları təbrik edirəm”.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Qarabağ işğaldan azad edildikdən sonra nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ən vacib məsələlərdən idi:
"Səfər müddəti 4 saat 40 dəqiqə çəkir. Bu saatı daha da azaltmaq olar, lakin hələ Ağdam-Bərdə istiqamətində təmir işləri tamamlanmayıb. Həmin təmir prosesi yekunlaşdıqdan sonra yolda 40 dəqiqə qənaət olunacaq. Bu da avtomobil sürətinə bərabərdir. Həmçinin Ağdamla-Xankəndi arasında yeni stansiyanın da tikiləcək”.