Dünyanın ən geniş yayılmış mesajlaşma platforması olan "WhatsApp" "WhatsApp Plus" adlı ödəməli abunəlik modeli üzərində işləyir.
Yurd.Media xəbər verir ki, tətbiqin əsas funksionallığı bundan sonra da pulsuz şəkildə əlçatan olacaq, ancaq müəyyən əlavə imkanlar yalnız abunəlik haqqı ödəyən istifadəçilərə açıq olacaq.
Son dövrdə mesajlaşma proqramlarında və digər rəqəmsal xidmətlərdə ödəməli üzvlük modelləri sürətlə yayılmaqdadır. Bu cür sistemlər sayəsində istifadəçilər tətbiqlərdə daha geniş funksionallıq və əlavə üstünlüklər əldə edə bilirlər.
Əldə edilən məlumatlara əsasən, "WhatsApp Plus" istifadəçilərə genişləndirilmiş fərdiləşdirmə seçimləri təklif edəcək. Buna görə, istifadəçilər tətbiqin ikonunu dəyişdirmək, fərqli rəng variantları seçmək və xüsusi zəng melodiyalarından istifadə etmək imkanı qazanacaqlar. Bundan əlavə, pulsuz versiyada ən çox üç söhbəti sabitləmək mümkündürsə, "WhatsApp Plus" abunəliyi ilə bu limiti artırmaq şansı yaranacaq.
Ödənişli paket çərçivəsində eksklüziv stikerlər və bir sıra əlavə funksiyaların da nəzərdə tutulduğu bildirilir. Bununla belə, "Meta" hələlik bu mövzuda rəsmi bəyanat verməyib. Sahə üzrə mütəxəssislər isə "Meta"nın son vaxtlar öz tətbiqlərinə əlavə etdiyi pullu xüsusiyyətlərin "WhatsApp" üçün hazırlanan abonelik modelinə işarə ola biləcəyini vurğulayırlar.