SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Xınayaxdı niyə “Henna Party”-ə çevrildi? - AMEA-da müzakirə

Xınayaxdı niyə “Henna Party”-ə çevrildi? - AMEA-da müzakirə

  • 11 iyun 2026, 13:06

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xınayaxdı mərasiminin sosial və mədəni funksiyaları müzakirə olunub.

Yurd.Media xəbrə verir ki, AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində bununla bağlı hibrid formatda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev müasir dövrdə rəqəmsal texnologiyaların humanitar elmlərin müxtəlif sahələrinə, xüsusilə folklorşünaslıq tədqiqatlarına göstərdiyi təsirdən bəhs edib. O qeyd edib ki, internet mühitində formalaşan və yayılan folklor hadisələrinin araşdırılması ənənəvi folklorun transformasiya mexanizmlərinin, yeni kommunikativ mühitlərdə qazandığı funksional xüsusiyyətlərin və mədəni yaddaşın müasir təzahür formalarının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

Seminarda şöbənin kiçik elmi işçisi Cəmilə Novruzova çıxışında Azərbaycan toy ənənələrinin mühüm tərkib hissəsi olan xınayaxdı mərasiminin sosial və mədəni funksiyaları təhlil edilib, onun keçid ritualı kimi mahiyyəti, simvolik məzmunu və kollektiv yaddaşın qorunmasındakı rolu diqqətə çatdırılıb. Qeyd olunub ki, mərasimdə istifadə olunan xına, şam, güzgü və digər atributlar xalqın qədim inanc və təsəvvürləri ilə bağlı zəngin semantik məna daşıyır.

Məruzədə həmçinin internet və qlobal mədəniyyətin təsiri altında xınayaxdı mərasiminin keçirdiyi transformasiya prosesləri araşdırılıb. Vurğulanıb ki, son illərdə sosial şəbəkələrin təsiri ilə “Henna Party” adı altında yayılan yeni təqdimat formaları ənənəvi mərasimin bir sıra elementlərini qorumaqla yanaşı, ona yeni estetik və vizual xüsusiyyətlər qazandırıb. Bu proses nəticəsində mərasim ailədaxili və lokal çərçivədən çıxaraq rəqəmsal mühitdə geniş auditoriyaya təqdim olunan mədəni hadisəyə çevrilib.

Məruzədə ənənəvi xınayaxdı ilə müasir “Henna Party” mərasimi müqayisə olunub, onların iştirakçı tərkibi, ritual elementləri, folklor mətnləri, musiqi və təqdimat formalarındakı dəyişikliklər təhlil edilib. Eyni zamanda, mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunaraq müasir xınayaxdı mərasimlərinə cəmiyyətin münasibəti və sosial media təsirləri barədə məlumat verilib.

Sonda qeyd olunub ki, ənənəvi xınayaxdı və müasir “Henna Party” mərasimi bir-birinin inkarı deyil, ənənəvi xınayaxdının yeni sosial-mədəni şəraitdə davamı və transformasiya olunmuş forması kimi qiymətləndirilə bilər. Xüsusilə mərasimin “Henna party” adı altında təqdim olunması ənənəvi məzmunla qlobal mədəni kodların qarşılaşmasını əks etdirən maraqlı bir paradoks yaradır: mahiyyət etibarilə yerli mədəni təcrübə qorunub saxlanıldığı halda, onun təqdimat forması və simvolik ifadə vasitələri qlobal mədəniyyətin təsiri ilə yenidən qurulur. Qeyd olunub ki, ənənəvi xınayaxdı ilə müasir “Henna party” arasındakı əlaqə folklorun davamlılıq və dəyişmə prinsiplərinin qarşlılıqlı vəhdətdə təzahürünün nümunəsi kimi dəyərləndirilə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları