Azərbaycan Respublikasının Xalq artisti Sofya Hüseynovanın 100 illik yubiley tədbiri keçirilib.
Yurd.Media xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, bu gün 100 illik yubiley münasibətilə təkcə bir sənətkarın xatirəsini yad etmir, eyni zamanda bir məktəbin, bir ənənənin, sənətə sədaqətin simvolunu anırıq:
"Sofya Hüseynovanın yaratdığı sənət irsi gələcək nəsillər üçün qiymətli xəzinədir. Onun adı Azərbaycan mədəniyyət tarixində daim hörmət və ehtiramla çəkiləcəkdir".
Nazir müavini vurğulayıb ki, belə yubileylər bizə xatırladır ki, zaman ötür, nəsillər dəyişir, amma həqiqi sənət əbədidir:
"Sənətkar cismən aramızda olmasa da, onun səsi, yaratdığı obrazlar və qoyub getdiyi mənəvi miras yaşayır və yaşamağa davam edəcəkdir".
Tədbirdə çıxış edən Xalq artistləri – Kamran Quliyev, Yasəmən Ramazanova, Rza Xudiyev, Həsən Ağasoy, Şirzad Abutalıbov qeyd ediblər ki, Sofya Hüseynova sənətkar olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi.
Səhnə mədəniyyəti, kollektivə münasibəti, gənc sənətkarlara qayğısı onun xarakterinin ayrılmaz hissəsi idi.
Sofya Hüseynovanın oğlu, Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynov bildirib ki, bir əsrlik yubiley, sadəcə, zaman göstəricisi deyil:
"Bu, bütöv bir dövrün, bir sənət yolunun, bir ömürlük zəhmətin və xalq sevgisinin təntənəsidir. Sofya Hüseynovanın həyat və yaradıcılıq yolu Azərbaycan incəsənətinin inkişaf mərhələləri ilə sıx bağlı olmuşdur".
Tədbirdə Sofya Hüseynovanın Naxçıvan teatrında oynadığı tamaşalardan fraqmentlər video formatda təqdim olunub.
Sonda H.Cavidin “Ana” tamaşasından son səhnə Naxçıvan teatrının aktyorları tərəfindən nümayiş olunub.