Rasim Balayev ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutub.
Yurd.Media xəbər verir ki, mərasimdə sənətkarın ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər görkəmli aktyorun Azərbaycan kino sənətindəki müstəsna xidmətlərindən bəhs edərək, onun yaratdığı obrazların milli ruhun və qürurun ifadəsinə çevrildiyini vurğulayıblar. Xüsusilə “Nəsimi” və “Babək” filmlərindəki rolları böyük ehtiramla xatırlanıb. Qeyd edək ki, Rasim Balayev təkcə istedadlı aktyor deyil, həm də prinsipial və sadiq insan kimi yaddaşlarda qalacaq. Mərasimdən sonra mərhum dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb. Xatırladaq ki, Rasim Balayev 29 mart 2026-cı il tarixində Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.
Görkəmli aktyor 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib, 1972-ci ildən Azərbaycanfilmdə fəaliyyətə başlayıb. Onun yaradıcılığı “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” kimi filmlərlə də zəngin olub. Rasim Balayev həmçinin “Özbəkfilm” və Mosfilm kimi studiyalarda da filmlərə çəkilib. Sənətkar uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb, 2022-ci ildən isə qurumun İdarə Heyətinin sədri olub. Onun Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. Rasim Balayev “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, Dövlət Mükafatına layiq görülüb, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.