Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “QGallery” Qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun əsərlərindən ibarət “İnsan hekayələri” adlı rəsm sərgisi keçirib.
Yurd.Media xəbər verir ki, sərginin açılışında İcma nümayəndələri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Türkiyədən olan qonaqlar iştirak ediblər.
Rəssam A.Akbaşoğlu sərginin insan hisslərinin ifadəçisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, "İnsan hekayələri" sərgisi Qərbi Azərbaycan xalqının bütün iztirablarını əhatə edir:
"Hisslərin itdiyi bu dövrdə bir-birimizi az da olsa anlaya bilmək üçün bu sərgini hazırladım. Bu sərginin təşkili üçün əməyi keçən hər kəsə, xüsusilə Qərbi Azərbaycan İcmasına təşəkkür edirəm".
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "İnsan hekayələri" adlı rəsm sərgisinin Qərbi Azərbaycanın taleyinin əks etdirilməsində xüsusi rol oynadığını bildirib:
"Qardaş Türkiyənin tanınmış rəssamı Ayfer Akbaşoğlunun sərgisi Qərbi Azərbaycan həqiqətlərinin digər ölkələrdə tanınmasında böyük rol oynayır. Rəssam sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun Qərbi Azərbaycan barədə izahlarına əsaslanaraq öz yaradıcılığında bu mövzuya yer ayırmışdır".
Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov sərgidə təxminən 40 rəsmin nümayiş olunduğunu qeyd edib. Qalib Qasımov rəsmlərin Qərbi Azərbaycan məsələsinin əhəmiyyətinin saxlanması üçün vacib rol oynadığını bildirib.
Fotolar: Jalə Rövşən