Regionlarda sahibkarlığın inkişafı məqsədilə təşkil edilən “KOB Fest” sərgiləri bu il də davam etdiriləcək.
Yurd.Media-nın sualını cavablandıran KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov bildirib ki, “KOB Fest” adı altında regionlara ünvanlanmış sərgilər mütəmadi olaraq təşkil olunur.
Onun sözlərinə görə, ötən il Göyçay, Zaqatala, Şəki, Bakıətrafı və digər bölgələrdə 10-a yaxın belə sərgi keçirilib. Bu il isə ilk tədbirin Şuşa şəhərində təşkili nəzərdə tutulur:
“Şuşadan başlayacağıq və növbəti aylarda digər regionlarda da KOB Fest adı altında sərgilərimiz keçiriləcək. Bu sərgilərdə əsasən regionlarda fəaliyyət göstərən onlarla sahibkar iştirak edir. Sərgilərdə müxtəlif sahələr – qida və qeyri-qida sektorları təqdim olunur. Yaxın aylarda siz bu tədbirlərin keçirildiyini görəcəksiniz,” – deyə Samir Hümbətov qeyd edib.
Marsol Qrupun təsisçisi Tural Mustafayev isə bildirib ki, qurumun Şəki, Zaqatala, Quba, Xaçmaz, Lənkəran və Astara kimi regionlarda nümayəndəlikləri fəaliyyət göstərir və sahibkarlarla sıx əməkdaşlıq aparılır. Regionlarda müstəqil şəkildə sərgi planlaşdırılırmı sualına cavabında isə o bildirib ki, hazırda Marsol Qrupun regionlarda müstəqil şəkildə sərgi təşkil etməsi nəzərdə tutulmur:
“Biz bu sahədə KOBİA ilə birgə fəaliyyət göstəririk və onların təşkil etdiyi tədbirlərdə iştirak edirik. Çünki KOB Fest-lərdə sahibkarlar heç bir ödəniş etmədən öz məhsullarını sərgiləyə bilirlər. Bu sərgilər tamamilə KOBİA-nın dəstəyi ilə həyata keçirilir və sahibkarlar üçün heç bir xərc tələb olunmur. Bu da onlar üçün daha faydalıdır,” – deyə Mustafayev əlavə edib.