Kinorejissor Xəyalə Pircanovanın “Müşahidə” sənədli filminin təqdimat mərasimi keçirilib.
Yurd.Media xəbər verir ki, mərasim Sumqayıt Dövlət Dram Teatrında teatrın kollektivi və kinosevərlərin iştirakı ilə baş tutub.
Teatrın fəaliyyətindən bəhs edən film mərhum aktyor Yalçın Səlimovun xatirəsinə ithaf olunub.
Nümayişdən sonra teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov ekran işi haqqında təəssüratlarını bölüşüb, yaradıcı heyətlə fikir mübadiləsi aparıb. Gənc rejissor göstərilən dəstəyə görə teatrın rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur. Ekran işi rejissorun “Etalon” platforması çərçivəsində ərsəyə gətirilib.
Yaradıcı heyət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzun və tələbələrindən ibarətdir.
Gənc rejissorun portfoliosuna dahi sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş “Etalon” sənədli filmi, eyni zamanda “Özümə qayıdıram”, “Talya”, “Buz daşa toxunduqca” filmləri daxildir.