SÜJET
Bəstəkar, Xalq artisti Aygün Səmədzadəyə vəzifə verilib.
O, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub.
Yurd.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.
2003-cü ildə türkiyəli bəstəkar Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.
Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.