Ağsu şəhərinin şimalında yerləşən “Şıx Məzid” Xanəgah Kompleksində aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi nəticələr əldə olunub.
Yurd.Media xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən, tarix elmləri doktoru, professor Qəfər Cəbiyevin rəhbərliyi ilə həyata keçirilən ekspedisiya zamanı 400 kvadratmetrə yaxın sahədə monumental tikinti qalıqları və unikal qəbir kameraları aşkar edilib.
Qafar Cəbiyev ATV-yə bildirib ki, may-iyun ayı ərzində kompleksin müxtəlif hissələrində – məscid, xəlvətxana, türbə və qəbiristanlıq sahələrində tədqiqatlar aparılıb. Əsas tapıntılar arasında bişmiş kərpic döşəmə, tağlı qəbir tikililəri, qəbirüstü əhəng daşları, saxsı qab fraqmentləri, dəmir mismarlar və digər arxeoloji əşyalar yer alır.
Professor qeyd edir ki, kompleks haqqında XVI əsr Osmanlı müəllifi Hulvi və XIX əsr Azərbaycan şairi Seyid Əzim Şirvaninin əsərlərində də məlumat verilib. Alimlərə görə, “Şıx Məzid” Xanəgah Kompleksi Azərbaycan İslam dövrü memarlığı və dini-mədəni irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.