SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Yeni 100 manatlıq əskinasların fərqli elementləri açıqlanıb

Yeni 100 manatlıq əskinasların fərqli elementləri açıqlanıb

  • 15 aprel 2026, 19:41

Azərbaycanda tədavülə buraxılacaq yeni 100 manatlıq əskinasların fərqli elementrləri açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) Yurd.Media-ya bildirilib ki, iyulun 15-dən tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxacaq.

Məlumata görə, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparır. AMB beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlamış və 2021-ci ildən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

Proseslərin davamı olaraq, "İqtisadiyyat və İnkişaf" mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Bu pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Flow Prime" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində AMB-nin sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları