Yurd.Media “O, banka sədr gələndən sonra” adlı layihəsinin davamı olaraq bu gündən “O, sığorta şirkətinə sədr gələndən sonra...” adlı yeni layihəyə başlayır.
Layihənin məqsədi Azərbaycandakı sığorta şirkətlərinin İdarə Heyətinə (İH) sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
Layihənin ilk qonağı “A-Qrup Sığorta” ASC-nin İH-nin sədri Məmməd Atakişiyevdir. O, əsasən tibbi sığorta üzrə ixtisaslaşmış Azərbaycan sığortaçısına 2023-cü ilin iyul ayından rəhbərlik edir.
M.Atakişiyevin dövründə “A-Qrup Sığorta”nın aktivləri təxminən 2% artıb. Əgər 2023-cü ilin yekununda şirkət 27,1 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda 27,7 milyon manat təşkil edib.
Ötən il “A-Qrup Sığorta”nın xalis mənfəəti isə əvvəlki ilə nisbətən 5 dəfə azalaraq 0,7 milyon manatdan 0,15 milyon manata düşüb.
Şirkət müştərilərinə baş ofisi və Gəncədəki nümayəndəliyi vasitəsilə xidmət göstərir.