"Kredaqro” Bank olmayan kredit təşkilatının kredit ödənişlərinin həyata keçirilməsi və borcların izlənilməsi üçün istifadə olunan elektron platformasının işində problem yaranıb.
Yurd.Media "Bakıvaxtı"na istinadən xəbər verir ki, aylardır həm kredit ödənişi etmək istəyən vətəndaşların, həm də borclularla bağlı məlumatların izlənilməsinə cavabdeh olan şəxslərin işi çətinləşib.
Qeyd olunur ki, sistemdə yaranan texniki problemlər səbəbindən bir sıra istifadəçilər ödəniş tarixçələrini görə bilmir, kredit qalığı barədə məlumat əldə etməkdə çətinlik çəkirlər. Ən diqqətçəkən məqamlardan biri isə borcu olan bəzi şəxslərin yaranmış vəziyyətdən sui-istifadə etməsidir.
İddialara görə, platformanın işləməməsini əsas gətirən bəzi borclular öhdəliklərini yerinə yetirməkdən yayınır, kredit ödənişlərini gecikdirir və ya ümumiyyətlə həyata keçirmirlər. Bu isə həm maliyyə intizamına, həm də kredit portfelinin idarə olunmasına mənfi təsir göstərir.
Mənbələrin sözlərinə görə, sistemdəki nasazlığın aradan qaldırılması ilə bağlı dəqiq tarix açıqlanmayıb.
İstifadəçilər isə problemin uzun müddətdir davam etməsindən narazıdırlar. Onların fikrincə, kredit təşkilatları və müvafiq qurumlar vətəndaşların ödəniş imkanlarını təmin etmək üçün alternativ mexanizmlər təqdim etməli, yaranmış vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat verməlidirlər.