Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin maksimal məbləği artırılmalıdır.
Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
Xatırladaq ki, hazırda adi və güzəştli ipoteka kreditləri üzrə limitlər müvafiq olaraq 150 min manat və 100 min manatdır.
“Bu limitlərə sonuncu dəfə 2017-ci ildə o vaxtkı “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurası baxıb. Həmin vaxt adi ipoteka üzrə maksimal məbləğ 100 min manatdan 150 min manata qaldırılıb, güzəştli ipoteka üzrə maksimal məbləğ isə 100 min manat saxlanılıb. Son 9 ildə daşınmaz əmlak bazarında qiymətlər təbii olaraq “yerində saymayıb”, son 4 ildə - Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə ölkədə mənzillərin bahalaşması nəzərəçarpacaq dərəcədə sürətlənib. Bu, dövlət ipotekası üzrə maksimal məbləğin artırılmasını zəruri edir.
Elə İpoteka və Kredit Zəmanət Fondu 2023-cü ildə kreditlərin orta məbləğinin 89 min manatı keçdiyini açıqlamışdı. Aradan 3 il keçib və həmin göstərici indiyə təxminən 100 min manat civarında olar. Bu da o deməkdir ki, ən azı güzəştli ipoteka kreditləri üzrə limit yenidən nəzərdən keçirilməlidir” – deyə o qeyd edib.