"İstehlak kreditinin rəsmiləşdirilməsi Mərkəzi Bankın “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” əsas götürülərək bankların daxili qiymətləndirmə meyarları nəzərə alınmaqla müştərilərin aylıq gəlirləri, cari öhdəliklərinə uyğun ödəmə qabiliyyətləri və kredit tarixcəsinə əsasən həyata keçirilir".
Bunu Yurd.Media-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupunun üzvü Natiq Xəlilov bildirib.
O, bankların kredit verməkdən imtina etdiyi səbəbləri də qeyd edib:
"Kredit müraciətləri zamanı banklar aşağıdakı hallarda kredit verməkdən imtina edə bilərlər:
• Mənfi kredit tarixçəsi (uzunmüddətli gecikmələr),
• Cari gecikmədə olan kreditin və icrada olan borcların olması (məhkəmə qərarı ilə),
• Stabil gəlir mənbəyinin olmaması və ya rəsmi gəlirin azlığı,
• Mövcud kredit öhdəliklərinin həddindən artıq olması (BGN – Borcun gəlirə nisbəti göstəricisinə əsasən). Bu zaman borcun gəlirə olan nisbəti əmsalı qanunvericilikdə təyin olunmuş maksimal həddən yuxarı olmamalıdır".