AFB Bank 2026-cı ilin ilk altı ayını əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artımla başa vurub. Hesabat dövründə aktivlərin, kredit portfelinin və müştəri vəsaitlərinin artması Bankın seçdiyi inkişaf strategiyasının effektivliyini bir daha təsdiqləyib. Əldə olunan nəticələr Bankın həm biznes miqyasını genişləndirdiyini, həm də real iqtisadiyyatın maliyyələşdirilməsində rolunu daha da gücləndirdiyini göstərir.
Aktivlər 537 milyon manatı ötüb
2026-cı ilin 30 iyun tarixinə Bankın ümumi aktivləri 536,9 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 26,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 72,2% artım deməkdir.
Aktivlərin strukturunda gəlir gətirən aktivlərin payının 84,2%-ə yüksəlməsi Bankın resurslarını daha səmərəli idarə etdiyini və dayanıqlı gəlir mənbələrini genişləndirdiyini göstərir.
Kredit portfeli 400 milyon manatı keçib
Bankın kredit portfeli ilk yarımildə 406,4 milyon manata çataraq ilin əvvəlindən 35,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 100,3% artıb. Beləliklə, kredit portfeli bir il ərzində iki dəfə böyüyüb.
Bu dinamika Bankın sahibkarlığın maliyyələşdirilməsi, mikro, kiçik və orta biznesə dəstək, eləcə də pərakəndə kredit məhsullarının inkişafı istiqamətində həyata keçirdiyi strategiyanın uğurlu nəticəsidir.
Eyni zamanda kredit portfelinin ümumi aktivlərdə payı 75,7%-ə yüksəlib ki, bu da Bankın maliyyə resurslarının əsasən real iqtisadiyyatın inkişafına yönəldiyini göstərir.
Müştəri vəsaitlərində rekord artım
2026-cı ilin ilk yarısında Bankın müştəri vəsaitləri 342,3 milyon manata yüksəlib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 51,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 142,9% artım təşkil edir.
Xüsusilə müddətli əmanətlər üzrə dinamika diqqət çəkir. Müddətli hesabların həcmi 194,1 milyon manata çataraq illik müqayisədə təxminən 3 dəfə artıb. Cari hesablar isə 148,2 milyon manat təşkil edib.
Bu göstəricilər AFB Bank-a olan etimadın daha da möhkəmləndiyini və müştərilərin Bankı uzunmüddətli maliyyə tərəfdaşı kimi seçdiyini nümayiş etdirir.
İnvestisiya portfeli genişlənir
Hesabat dövründə Bank qiymətli kağızlar portfelini əhəmiyyətli dərəcədə artıraraq 35,0 milyon manata çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə, ilin əvvəli ilə müqayisədə isə 70 dəfə artım deməkdir.
Bu dinamika Bankın investisiya fəaliyyətinin genişləndirilməsi və aktivlərin daha balanslı diversifikasiyası istiqamətində atdığı addımların nəticəsidir.
Gəlirlərdə güclü artım
2026-cı ilin ilk altı ayında Bankın ümumi gəlirləri 17,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,6% artım deməkdir. Bu artım həm faiz gəlirləri, həm də qeyri-faiz gəlirləri üzrə müsbət dinamika hesabına formalaşıb.
Hesabat dövründə Bankın faiz gəlirləri 12,1 milyon manat olub və ötən ilin eyni dövrü ilə müqayisədə 44,6% artıb. Qeyri-faiz gəlirləri isə 5,3 milyon manat təşkil edərək illik müqayisədə 18,5% artım nümayiş etdirib. Bu göstəricilər Bankın gəlir bazasının daha dayanıqlı və şaxələndirilmiş formada inkişaf etdiyini göstərir.
Risk göstəricilərində müsbət dinamika
Kredit portfelinin əhəmiyyətli artımına baxmayaraq, Bank risklərin idarə olunmasına konservativ və balanslı yanaşmanı qoruyub. Hesabat dövründə NPL göstəricisi 2 dəfə azalıb ki, bu da kredit portfelinin keyfiyyətinin yaxşılaşdığını və problemli aktivlərin daha effektiv idarə olunduğunu göstərir.
Xərclərin artımı inkişaf və risklərin idarə olunması ilə bağlıdır
Əməliyyat həcmlərinin genişlənməsi fonunda Bankın qeyri-faiz xərcləri 16,6 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 49,3% artıb. Bu artım əsasən Bankın transformasiya layihələri, rəqəmsal həllərin inkişafı, yeni biznes istiqamətlərinin qurulması, risklərin idarə edilməsi sisteminin gücləndirilməsi və insan kapitalına yönəldilən investisiyalarla bağlıdır.
Kapital və maliyyə dayanıqlığı yüksək səviyyədə qalır
AFB Bank böyüməsini yüksək kapital dayanıqlığı ilə davam etdirir.
2026-cı ilin ilk yarısının sonunda:
Bu göstəricilər Bankın sürətli böyümə fonunda kapital dayanıqlığını qoruduğunu, prudensial tələblərə uyğun fəaliyyət göstərdiyini və gələcək inkişaf üçün möhkəm maliyyə bazasına malik olduğunu təsdiqləyir.
İnkişaf strategiyası və dayanıqlı artım
2025–2029-cu illəri əhatə edən inkişaf strategiyası çərçivəsində AFB Bank 2026-cı ilin ilk yarısında da transformasiya prosesini davam etdirib. Korporativ bankçılıq və KOS istiqamətlərinin gücləndirilməsi, mikro və pərakəndə bankçılığın inkişafı, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, eləcə də rəqəmsal xidmətlərin genişləndirilməsi Bankın böyüməsinə mühüm töhfə verib.
Hesabat dövründə yeni internet bankçılıq platforması və yenilənmiş mobil tətbiq üzrə görülən işlər Bankın rəqəmsal transformasiya gündəliyinin əsas istiqamətlərindən biri olub. Bu həllər müştərilərə bank xidmətlərindən daha rahat, sürətli və əlçatan şəkildə istifadə etmək imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətinin artırılmasına da dəstək verir.
Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi, 1545 qısa nömrəli Məlumat Mərkəzi və başdan-başa rəqəmsal həlləri vasitəsilə artan müştəri kütləsinə xidmət göstərir.
2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, AFB Bank aktivlərin və kredit portfelinin genişlənməsini, müştəri vəsaitlərinin artımını, gəlirlərdə müsbət dinamikanı və kapital dayanıqlığını vahid inkişaf strategiyası çərçivəsində uğurla birləşdirir. Bank qarşıdakı dövrdə də real sektorun maliyyələşdirilməsini, rəqəmsal həllərin inkişafını və müştərilərə daha innovativ, sürətli və əlçatan maliyyə xidmətləri təqdim etməyi əsas prioritetləri kimi müəyyən edib.