 
 
            "Bank of Baku"da qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayıran şəxsin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Yurd.Media Pravda.az-a istinadən xəbər verir ki, bankın kredit mütəxəssisi işləmiş Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.
Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib. Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində də polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Bəhrəm Abbasovun 8 il 6 ay və Əziz Rzayevin isə 8 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası 8 il 1 aya endirilib.