İrandan gələn yük maşının akkumulyatorunda narkotik keçirmək cəhdinin qarşısı alındı.
Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, "Sədərək" gömrük postundan tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsi "X-ray" stasionar rentgen qurğusuna baxış üçün cəlb olunub. Baxış zamanı nəqliyyat vasitəsinə aid olan qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlanışda akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı aradırma aparılır.