Qeyri-sabit hava Sabirabadda tərəvəz yetişdirənlərin içini çətinə salıb.
Yurd.Media xəbər verir ki, bu il də həyətyanı sahələrdə və fərdi istixanalarda ən çox becərilən tərəvəz xiyar və pomidordur. Əvvəlki illərdə bu tərəvəzlər mart ayında yetişərək bazara çıxarılsa da, bu il müəyyən gecikmə müşahidə olunur.
Hava şəraitinin qeyri-sabit keçməsi fermerlərin işini çətinləşdirib. Təxminən 10 günə qədər gecikmə yaranıb ki, bu da məhsul yığımına mənfi təsir edir. Temperaturun tez-tez dəyişməsi şitillərin inkişafını zəiflədir, kök sisteminə ziyan vurur və məhsuldarlığı azaldır.
Fermerlərin sözlərinə görə, fevralın isti, martın isə soyuq keçməsi istixana şəraitində problemlər yaradıb:
"Xiyarın bir hissəsi saralır və tökülür. Bəzən məhsulun yarıdan çoxu itir. Hər kolda 4-5 kiloqrama qədər zərər olur".
Bundan əlavə, aşağı temperatur və yüksək rütubət zərərvericilərin artmasına səbəb olur. Fermerlər bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər.