Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı layihə hazırlanır.
Bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Qarabağ suvarma kanalından başqa, bir neçə digər su kanalının inşası və bərpası ilə bağlı da layihələr işlənir.
“Son illərdə ölkə üzrə 3 740 subartezian və artezian quyusu qazılıb”, - deyə R. Aslanov əlavə edib.
O bildirib ki, bu ilin sonuna qədər Qarabağ bölgəsində yerləşən Bərgüşad və digər su anbarlarının tikintisinə başlanacaq: "Hazırda ölkə üzrə su anbarlarında ümumilikdə 18 milyard 760 milyon kubmetr su ehtiyatı toplanıb.
Qarabağ ərazisində yerləşən Sərsəng su anbarı, həmçinin Ağdam, Ağdərə, Kəlbəcər və digər azad edilmiş rayonlardakı su anbarlarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb. Bu obyektlərin bir qisminin tikintisinə 2025-ci ilin sonunadək start verilməsi planlaşdırılır".