"Əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər təsərrüfatın gəlirliliyini artırmaq, istehsal olunan məhsulun daha böyük hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.
Yurd.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb:
"Lakin cənab Prezident müşavirədə xüsusi olaraq vurğulayıb ki, ölkəmizin aqrar sahədə mövcud potensialı əldə olunan nəticələrdən daha böyükdür. Azərbaycanın torpaq, su, iqlim və insan resursları daha yüksək məhsuldarlıq, daha yüksək gəlirlilik və daha güclü ixrac imkanları yaratmağa imkan verir. Buna görə də qarşıdakı dövrün əsas vəzifəsi yaradılmış imkanları daha böyük iqtisadi nəticələrə çevirməkdir. Bu gün dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir. Belə şəraitdə uğur yalnız istehsalın həcmi ilə deyil, məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq bacarığı ilə ölçülür", - deyə qeyd edib.