SÜJET
İmişlidə qışın qarlı, yazın isə yağışlı keçməsi taxılın inkişafına müsbət təsir etsə də, sonradan yağan intensiv yağışlar sahələrə zərər verib.
Yurd.Media xəbər verir ki, xüsusilə dəmyə şəraitində becərilən sahələrə yağış can versə də, normadan artıq yağıntı məhsuldarlığa mənfi təsir göstərib. Fermerlərin sözlərinə görə, yağışlar taxılın mayalanmasına da ziyan vurur, bu da məhsulun həcmini azaldır. Nəticədə bu il bol məhsul əldə olunacağına dair gözləntilər azalıb.
Fermerlər bildirirlər ki, sahələrdə alaq otlarının çoxluğu da əlavə problemə çevrilib:
"Sahələri alaq otlarından təmizləmək mümkün deyil. Onlar məhsuldarlığa mənfi təsir edir".
Qeyri-sabit hava şəraiti taxıl sahələrində müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Mütəxəssis Seymur Əsədovun sözlərinə görə, havalandırmanın olmaması sahələrdə kiflənmə və göbələk xəstəliklərinin yayılmasına şərait yaradacaq.
Əgər hava şəraiti bu templə davam edərsə, taxıl biçini də gecikə bilər.