Azərbaycanın bir sıra rayonlarında mal-qaranın xəstəliklərə qarşı peyvəndlənməsinə başlanılıb.
Yurd.Media xəbər verir ki, Biləsuvar, Cəlilabad və İmişli rayonlarında dabaq xəstəliyinə qarşı kütləvi peyvəndləmə iribuynuzlu və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin qarşısının alınması və epizootoloji sabitliyin təmin edilməsi məqsədilə görülür.
Belə ki, Biləsuvar rayonunda bu günə qədər 17 minə yaxın iribuynuzlu, 44 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiyasından keçib. Həmçinin Cəlilabad rayonunda bu günə kimi 42 minə yaxın iribuynuzlu, 3 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiya edilib. Eləcə də, İmişli rayonunda bu günə qədər 83 minə yaxın iribuynuzlu, 206 minə yaxın xırdabuynuzlu heyvan vaksinasiya olunub.
Adıçəkilən rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzlərindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu rayonlarda dabaq xəstəliyinə yoluxma ilə bağlı müraciət olmayıb.