Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Fruits Land’’ Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan “Fruits Land’’ MMC-nin 2025-ci ilin mart ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 111 576 Rusiya rublu (təxminən 2500 manat) dəyərində meyvə məhsullarını Xaçmaz Gömrük idarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac edib.
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq şirkət Azərbaycanda müvəkkil edilmiş bankının hesabına köçürməyib.
Bu səbəbdən Gömrük İdarəsi “Fruits Land’’ barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol yazıb.
Quba Rayon Məhkəməsinin qərarı ilə şirkət 3472.8 rus rublu (təxminən 76 manat) məbləğində cərimə edilib.
MMC tərəfindən qərarın ləğv olunması barədə şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin olunmayıb.
Qeyd edək ki, MMC kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərir.