Lənkəranın Talışlı kəndində 30 ildən artıqdır bambuk yetişdirən təsərrüfat fəaliyyət göstərir.
Yurd.Media xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən 2 günlük mediatur çərçivəsində jurnalistlər Talışlı kəndində Eynulla Calalovun yaratdığı bambuk bağı ilə tanış olublar.
Bağ sahibi bildirib ki, uzun illərdir bambuk yetişdirməklə məşğuldur. Hazırda onun həyətyanı torpaq sahəsində mindən çox bambuk ağacı yetişdirilir.
Eynulla Calalovun sözlərinə görə, Lənkəranda bambukun tarixi ötən əsrin ortalarından daha əvvələ gedib çıxır və bitkinin bölgəyə gətirilməsi ilə bağlı maraqlı tarixçə var:
“Buralarda bambuk ağacları hələ sovetlər dönəmində yetişdirilib. Gürcüstandan gətirilən bu bitki balıqçılıq təsərrüfatlarında istifadə üçün nəzərdə tutulub. Su kənarlarında kol-kos arasında bir neçə bambuk kökləri qalmışdı. Məhz o köklərdən istifadə edib bambukları çoxaltmağa başladım”.

Bambukun böyüməsi və xüsusiyyətləri
Calalov bambukun yetişdirilməsinin digər bitkilərlə müqayisədə fərqli və kifayət qədər zəhmət tələb edən proses olduğunu deyib.
“Bitkinin toxumu 5 ildən sonra cücərir. 27 metr hündürlüyə qədər qalxır, 45 il sonra toxum verir. Bizim şəhərə ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olduğu üçün bu bitki bizim bölgəyə tez uyğunlaşıb. Hələ ki, bu bitkinin toxum verdiyini görməmişəm, ağacları əsasən kök vasitəsi ilə çoxaldıram. Çox qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunsa, 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayır və möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur. Çox qiymətli ağacdır. Mebel sənayesi üçün əhəmiyyətli bitkidir”.
Bambukun sürətli böyüməsi və möhkəmliyi onu müxtəlif sahələrdə istifadə üçün əlverişli xammala çevirir. Bağ sahibinin sözlərinə görə, bitkinin yetişdirilməsi xüsusi qulluq və davamlı əmək tələb edir.

Bambuk bağı turistlərin də marağındadır
Talışlı kəndində yerləşən bambuk bağı yalnız kənd təsərrüfatı və sənətkarlıq baxımından deyil, turizm baxımından da diqqət çəkir.
Eynulla Calalovun sözlərinə görə, cənub bölgəsinə səfər edən turistlərin maraq göstərdiyi məkanlardan biri də onun bambuk bağıdır:
“Çinlilər bu ağaca “həyat ağacı” deyirlər. Çox adam gəlib bu gözəlliyi görəndən sonra bambuk təsərrüfatı qurmaq eşqinə düşür. Amma çətin və zəhmət tələb etdiyi üçün, elə maraq olaraq da qalır”.

Bambukdan mebel və əl işləri hazırlanır
Bambuk yetişdirməklə yanaşı, Eynulla Calalov bu bitkidən müxtəlif əl işləri də hazırlayır.
Onun sözlərinə görə, bambukdan stol, stul, kreslo və kitab rəfi kimi müxtəlif əşyalar hazırlanır. Bu məhsulların hazırlanması isə kifayət qədər vaxt və əl əməyinin olmasını tələb edir.
“Bambukdan əl işləri hazırlamaq olduqca çətindir. Bir masa komplektinin hazırlanmasına ən azı ay yarım vaxt sərf olunur”.
Calalovun hazırladığı bambuk məhsulları müxtəlif vaxtlarda rayonda təşkil olunan sənətkarlıq sərgilərində də nümayiş etdirilib.
Bambukdan hazırladığı əl işlərinə görə Eynulla Calalov fəxri fərmanlarla təltif olunub və “Ustad sənətkar” diplomuna layiq görülüb.
Hazırda onun yaratdığı bambuk bağı həm nadir bitkinin yetişdirildiyi təsərrüfat, həm də Lənkəranın cənub bölgəsində turistlərin maraq göstərdiyi məkanlardan biri kimi fəaliyyət göstərir.