Bakıda IV Aqrobiznesin İnkişafı Forumu keçirilib

Bakıda IV Aqrobiznesin İnkişafı Forumu keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı, FAO-nun maliyyə dəstəyi ilə Bakıda IV Aqrobiznesin İnkişafı Forumu keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirin əsas məqsədi aqrobiznesin davamlı inkişafı üçün innovativ maliyyələşmə, yaşıl subsidiyalar və dövlət-özəl sektor dialoqunun gücləndirilməsindən ibarə olub.

“Aqrobiznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” mövzusunda təşkil olunan forumda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, sahibkar təşkilatları, banklar və beynəlxalq qurumlar təmsil olunub.

Nazir Məcnun Məmmədov çıxışında bildirib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik ailə təsərrüfatlarından iri aqroparklaradək bütün subyektlərin dəstəklənməsi əsas prioritetlərdəndir. Onun sözlərinə görə, bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında qeyd edib ki, qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması isə göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir.

FAO rəsmisi Nabil Gangi isə çıxış edərək kənd təsərrüfatı, su və qida təhlükəsizliyinə təsir edən qlobal amillərdən, dayanıqlı kənd təsərrüfatı inkişafının təmin olunması yollarından bəhs edib. O bildirib ki, Azərbaycanda innovasiyaların, məhsuldarlığı və səmərəliliyi artırmaq üçün müasir texnologiyaların tətbiqinə önəm verilir, ərzaq istehsalının təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən sağlam olmasını təmin edən qabaqcıl təcrübələrdən geniş istifadə olunur.

Tədbirdə FAO-nun 80 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Nazir müavini İlhamə Qədimova jurnalistlərə açıqlamasında son iqlim hadisələrinin fermerlərə təsirini qeyd edib. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə 900 min subyektin qoşulduğunu və fermerlərin mükafatlandırıldığını bildirib. Nazir müavini forumun sahələrarası dialoqa töhfə verdiyini vurğulayıb.

Eyni zamanda panel sessiyalarda strateji dəstək mexanizmləri, iqlim dayanıqlılığı və aqrobiznes innovasiyaları müzakirə olunub. “İlin fermeri” nominasiyası üzrə 3 fermer və 2 təsərrüfat rəhbəri təltif edilib. Aqrar tədqiqatlar mərkəzinin direktoru Rəşad Hüseynov ölkənin aqrobiznes sektorundakı əsas tendensiyalarla bağlı təqdimatla çıxış edib.