Azərbaycanda fermer yönümlü siyasətlər formalaşdırılmalıdır.
Yurd.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Türkiyənin paytaxtı Ankarada keçirilmiş IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda bildirib.
Onun sözlərinə görə, hazırda dünyada 1,3 milyard insan aqrar sektorda çalışır: “Bu isə dünya əhalisinin 20 %-dən çoxunu təşkil edir və olduqca böyük rəqəmdir. Bu baxımdan kənd təsərrüfatı diplomatiyasının diqqət etməli olduğu ilk və əsas məqam fermerlərdir. Əgər onların həyat səviyyəsi yüksəlmirsə, sosial rifahında irəliləyiş yoxdursa, aqrar diplomatiyanın uğur qazanması çətin olacaq. Bu, həm Azərbaycan və Türkiyə, həm də digər ölkələr üçün keçərlidir”.
"Bizim yeni siyasətimiz kənd təsərrüfatında çalışan insanların həyatına təsir etmirsə, bu halda uzunmüddətli və dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Buna görə də kənd təsərrüfatı diplomatiyasında birinci və ən vacib məsələ fermerlər olmalıdır", - deyə nazir əlavə edib.
M.Məmmədov ötən gün seminar çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat və kənd təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb.