Şəmkirdə qışlamadan çıxan Qəhvəyi mərmər bağacığı həşəratlarının məhv edilməsi yolları müzakirə olunub.
Yurd.Media xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) və Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək, zərərvericinin yayılma arealını minimuma endirmək məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon icra başçısı Rəşad Tağıyev bildirib ki, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə bağlarına ciddi ziyan vurur və məhsuldarlığın azalmasına səbəb olur. Bu baxımdan zərərvericiyə qarşı mübarizənin vaxtında və koordinasiyalı aparılması mühüm əhəmiyyət kəsb edir.
Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri Rəşad Əzizov çıxış edərək bu istiqamətdə görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. O bildirib ki, Şəmkir DAİM-in nümayəndələri yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumatlar verir.
Tədbirdə qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri haqqında danışılaraq bildirilib ki, fevral ayında zərərverici qışlama mərhələsindən çıxmağa hazırlaşır. Qəhvəyi mərmər bağacığı qış fəslini çardaqlarda, anbarlarda, boş tikililərdə və ağac qabıqlarının altında keçirir. Bu baxımdan həmin sığınacaqların vaxtında təmizlənməsi, həşəratların toplanaraq mexaniki üsulla məhv edilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi tövsiyə olunur.
Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rayonda əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib.