Yeni saatlıq sistem maaşların artmasına, yoxsa azalmasına səbəb olacaq? - İqtisadçı açıqladı

Yeni saatlıq sistem maaşların artmasına, yoxsa azalmasına səbəb olacaq? - İqtisadçı açıqladı

  • 01 may 2025, 12:20

"Minimum saatlıq əməkhaqqının tətbiqi məsələsinə dair suallar çox olduğu üçün bu məsələnin detallarına toxunmaq qərarına gəldim. Əvvəlcə bir məsələni açıq deyim ki, bu, maaş artımı deyil. Bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir".

Yurd.Media xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib. İqtisadçı qeyd edib ki, iqtisadi göstəricilərin dəyişməsi saatlıq sistemə keçid üçün şərait yaradıb:

"Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir. Sual verə bilərsiz, Bəs onda bu saatlıq sistem niyə ortaya çıxıb? Cavab yenə sadədir: Çünki iqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi “freelance” işləyir, kimisi mövsümi. Kimisi evdn çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür".

E.Əmirov həmçinin bildirib ki, əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.

"Əslində bununla dünyada olmayan nəsə kəşf edilmir, Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki Azərbaycan sahədən və xaraktrindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq. Odur ki, bu yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara, qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə və sair şamil ediləcək"

İqtisadçı yeni sistemin effektiv olması məsləsinə də aydınlıq gətirib:

"Effekt həmişə müsbət olacaqmı? Əlbəttə xeyr! Bu proses doğru icra edilməzsə müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də ola bilər. Bunun ilk öncə müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli əməkhaqqı sistemi formalaşdırması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulloğu azalda və əmək münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər. Mənfi tərəflərinə gəldikdə isə mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü yaradacaq", - deyə vurğulayıb.

E.Əmirov tətbiq oluanacq sistemdə diqqət edilməli məqamları da xüsusi qeyd edib:

"Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər istismara yol aça bilər. Bəzi hallarda işçilərə “aylıq yox, çağıranda gəl, saatına verərik” deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər. Odur ki, yeni sistemin tanıdılması və başa salınması üçün uzun müddət ictimai maarifləndirmə lazımdır. Əks halda ilk dövrlərdə qarışıqlıq və qeyri-şəffaflığa meyllər arta bilər. Əlqərəz, bu dəyişiklik əmək bazarının real vəziyyətini hüquqi sistemə uyğunlaşdırmaq üçün vacibdir. Məqsəd isə kiminsə qazanməsı və ya itirməsi deyil, sistemin adaptasiyası və çevikliyinin artmasıdır. Amma əsas odur ki, bu keçid düzgün icra olunsun, nəzarət və maarifləndirmə zəif olmasın".