Bir vaxtlar “SOCAR Polymer”in əsas yerli müştəriləri sırasında yer alan “Meqa-Plastik-CE” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə külli miqdarda vergi borcu yığılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 9 milyon 669 min manat təşkil edir. Müəssisə həmçinin riskli vergi ödəyiciləri siyahısına daxil edilib.
Qeyd edək ki, Sumqayıt şəhərində qeydiyyatda olan “Meqa-Plastik-CE” MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır. Şirkətin direktoru Məhmədyar Məhmədyarovdur.
Müəssisə plastik məhsulların istehsalı sahəsində fəaliyyət göstərib. “SOCAR Polymer”in 2021-ci il üzrə hesabatında “Meqa-Plastik-CE” MMC polimer məhsullarının əsas yerli alıcıları sırasında göstərilib.
Şirkət daha əvvəl “Savalan-Plastik-Emal” kiçik müəssisəsi adı ilə fəaliyyət göstərib. 2019-cu ildə təşkilati-hüquqi formasını və adını dəyişərək “Meqa-Plastik-CE” MMC-yə çevrilib.