SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Dünya borc və inflyasiya ilə mübarizə aparır – Azərbaycanın üstünlüyü nədir?

Dünya borc və inflyasiya ilə mübarizə aparır – Azərbaycanın üstünlüyü nədir?

  • 16 noyabr 2026, 21:23

Dünyada hərbi xərclərin və dövlət borclarının artması iqtisadi sabitliyə ciddi təhdid yaradır, inflyasiya isə əhalinin sosial rifahına mənfi təsir göstərir.

Silahlanmaya xərclənən trilyonlar və süni münaqişələr ənənəvi maliyyə alətlərini artıq tamamilə aciz vəziyyətə salıb. İqtisadi rasionalizm siyasi oyunlara qurban verildikdə isə bunun bədəlini məhz orta sinif və sıravi vətəndaşlar ödəyir. Belə bir qlobal fonda hər bir ölkənin dayanıqlığı onun daxili iqtisadi doktrinasının nə dərəcədə sağlam olmasından asılıdır.  Qərb dünyasını sarsıdan bu inflyasiya və borc burulğanının əsl səbəblərinə, həmçinin bu fonda Azərbaycanın seçdiyi sabitlik modelinə rəqəmlərin dili ilə nəzər salaq.

Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı (lll lV V Vl), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:

"ABŞ-də gedən proseslər gözlənilən idi. İnflyasiyanın 3,5%-ə qalxması da düşünürəm ki, son nöqtə deyil. Təxminən 6 ay öncə Amerikada illik inflyasiya 4,3–4,5% təşkil edirdi. Artıq son aylarda elə dövr olub ki, göstərici bir ayın içində 1%-dən çox artıb.

Bu problemin  kökü düzgün iqtisadi siyasətin həyata keçirilməməsidir. Həmçinin ABŞ-də hərbi xərclərin katastrofik şəkildə artmasıdır. Ümumiyyətlə, iqtisadi nəzəriyyə və praktika göstərir ki, hansı dövlət siyasi oyunlara, yaxud siyasi-iqtisadi ambisiyalara görə hərbi xərclərini əsassız şəkildə artırırsa, həmin ölkədə inflyasiyanın artımı qaçılmazdır.

Bənzər proseslər Avropada da baş verir və buradakı problemin də kökü eynidir.

ABŞ-nin illik hərbi büdcəsi təxminən 950 milyard dollar səviyyəsində stabil idi. Lakin son illərdə və 2026-cı ildə bu büdcə administrasiyanın siyasətini dəstəkləyə bilmir. Ən böyük xərclərdən biri son aylarda İranla gedən müharibə ilə bağlıdır. Bunlar yalnız gözə dəyən- təxminən 50 milyard dollarlıq xərclərdir; büdcədənkənar xərclər isə bundan ikiqat çoxdur".

Rüfət QuliyevRüfət Quliyev

İqtisadçı-alim ABŞ hərbi büdcəsinin artırılması planlarından da danışıb:

"Hamımıza məlumdur ki, Pentaqon gələn il üçün hərbi büdcənin 1,5 trilyon dollara qaldırılmasını tələb edir.

Hərbi büdcənin artması nə deməkdir? Hərbi xərclərin mənbəyi sosial sfera, əhaliyə yardımlar, səhiyyə və digər sahələr üçün ayrılan vəsaitlərin azaldılması hesabına formalaşır. Bu, klassik yoldur. ABŞ-də digər bir klassik tendensiya isə ümumi dövlət borcunun artmasıdır. Artıq Amerikanın ümumi borcu 40 trilyon dollara çatıb. Təsəvvür edin ki, təkcə bu borcların və qiymətli kağızların faizlərinin ödənilməsinə ildə 1,1 trilyon dollar gedir. Bu da təbii olaraq ABŞ büdcəsinə ciddi problemlər yaradır və istehlak mallarının qiymətinin sürətlə qalxmasına təsir göstərir.

İranla müharibənin ikinci mənfi təsiri neft, qaz və digər enerji məhsullarının qiymətlərinin artmasıdır. Yanacaq məhsulları təxminən 35–55% bahalaşıb. Bu da avtomatik olaraq nəqliyyat xərclərini, bir çox məhsulun maya dəyərini yüksəldir və sonda ümumi istehlak qiymətlərinə mənfi təsir edir".

Professor Avropadakı prosesləri də şərh edib:

"Avropada da buna oxşar prosesləri müşahidə edirik. Müharibədən əvvəl Avropada illik inflyasiya stabil olaraq 1,2–1,5% təşkil edirdi və bundan kənaraçıxma faciəli problem hesab olunurdu. Bu gün isə illik inflyasiya stabil olaraq 2,5–4,5% təşkil edir, bəzi ölkələrdə hətta 5%-i keçir. Bu da həmin regionda hərbi xərclərin artımının birbaşa nəticəsidir.

Düşünürəm ki, istər ABŞ-də, istərsə də Avropada insanlar baş verənləri çox gözəl başa düşürlər. Lakin siyasətçilərin maraqlı ideologiyası var: cəmiyyətə izah edirlər ki, guya Rusiya mütləq hücum edəcək və Avropanı zəbt etməyə çalışacaq. Mən bu ssenariyə inanmıram. Axı bu gün Rusiyanın Ukrayna ilə müharibəni axıra qədər aparmağa belə gücü çatmır, yaranmış vəziyyəti şahmat taxtasındakı tsutsvang və ya pat evinə bənzətmək olar — heç bir tərəf üstünlük əldə edə bilmir — nə Avropanın dəstəklədiyi Ukrayna, nə də Şimali Koreyanın köməyindən istifadə edən Rusiya.

Dəfələrlə qeyd etmişəm ki, müharibələrin sonu yoxdur. Müharibənin ən nəhəng problemləri insan tələfatı, maddi resursların dağılması, qiymətlərin bahalaşması, işsizliyin artması və qida ehtiyatlarının azalmasıdır. Sonda bundan ən çox əziyyət çəkən adi, sıravi insanlardır. Varlıların və milyarderlərin həyatında isə bu, yalnız yeni adalar, binalər və ya bahalı avtomobillər alarkən müəyyən narahatlıqlarla nəticələnə bilər. Statistika göstərir ki, planetin ən varlı təbəqəsi — əhalinin 0,01%-i yenə də sürətlə varlanır. Çində, Rusiyada, Amerikada və Avropada milyarderlərin sayı artır. Bu o deməkdir ki, müflisləşənlərin sayı çoxalır, Qərb demokratiyasının əsas skeleti olan orta sinif isə sürətlə dağılır və onun bir hissəsi az təminatlı təbəqənin sırasına keçir. Bu, statistikanın və reallığın göstəricisidir".

Rüfət Quliyev inflyasiyanın qarşısının alınması ilə bağlı görülən tədbirlərin uğurlu satılmadığını da bildirib.

"Bu gün inflyasiyanın qarşısını almaq üçün tətbiq edilən klassik alətlər artıq əvvəlki kimi effektiv deyil. Dövlətlər hansı vasitələrə əl atsalar da, sonda inflyasiya yenə də üstün gəlir. Bunun parlaq sübutlarından biri ABŞ-də Respublikaçıların Konqres seçkilərini uduzması və Demokratların qələbə qazanmasıdır. Buna səbəb olan bir nömrəli amil insanların qiymət artımından, həyat səviyyəsinin aşağı düşməsindən və yaranmış çətinliklərdən narazılığıdır. Eyni prosesləri Almaniya, Macarıstan, Fransa, İspaniya və digər Avropa ölkələrində də görürük; insanlar narazı olduqları üçün alternativ siyasi qüvvələrə etimad göstərirlər.

Sonda Azərbaycan reallıqlarına qısaca nəzər salaq. Təbii ki, bazar iqtisadiyyatının qaçılmaz qanunlarına uyğun olaraq Azərbaycanda da inflyasiya mövcuddur və biz bundan qaça bilmərik. Sadəcə olaraq, həyata keçirilən daxili və xarici iqtisadi siyasətin nəticəsində bu prosesi cilovlaya bilmişik. Hazırda ölkəmizdə illik inflyasiya 3–5% arasında dəyişir".

İqtisad elmləri doktoru Azərbaycandakı iqtisadi vəziyyəti də ətraflı şəkildə şərh edib:

"Qeyd etmək lazımdır ki, bütün ölkələr ÜDM və inflyasiya göstəricilərini təqdim edərkən nominal rəqəmlərə istinad edirlər, real rəqəmlərdə isə həmişə fərq olur. Beynəlxalq maliyyə strukturları — Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı Azərbaycanda inflyasiyanın tədricən azalacağını proqnozlaşdırırlar. Belə ki, 2027-ci ildə inflyasiyanın 3–3,7% ətrafında olacağı, 2028-ci ildə isə daha 0,3% azalacağı proqnozlaşdırılır.

Stabillik, dinamiklik və uzaqgörən siyasət öz bəhrəsini verir. Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycan iqtisadiyyatında da bazar münasibətlərindən irəli gələn müəyyən çətinliklər var — dünyada bazar iqtisadiyyatının neqativ təsirlərindən tam kənar iqtisadiyyat mövcud deyil. Lakin əsas məsələ odur ki, ölkəmizdə iqtisadi doktrinanın fəlsəfəsi sayəsində makroiqtisadi stabillik qorunub saxlanılır.

Son 10 ildə dünya üçün ən problemli məsələ məhz budur. ÜDM-in artım tempi az olsa belə, makroiqtisadi sabitliyin, valyuta sabitliyinin, yəni manatın dollar və avro qarşısında paritetinin qorunması və qızıl-valyuta ehtiyatlarının 91 milyard dolları keçməsi müsbət göstəricidir. Mərkəzi Bankın ehtiyatları artır.

Bunlarla yanaşı, ən vacib amillərdən biri xarici borcdur. Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti təxminən 6% təşkil edir. Mövcud qızıl-valyuta ehtiyatlarımız isə bu borcu hətta 24 saat ərzində tam bağlamağa imkan verir. Nə üçün xüsusi olaraq buna diqqət çəkirəm? Çünki bu gün inflyasiya və işsizliklə yanaşı, dünya dövlətləri qarşısında duran ən böyük problemlərdən biri dövlət borcunun, xüsusilə də xarici borcun artmasıdır. Bu, gələcəkdə istənilən ölkənin iqtisadiyyatı üçün böyük təhlükə yarada bilər. Çünki dövlətin borcu gələcək nəsillərin çiyinə düşən maliyyə yükü deməkdir.

Bütün mənzərəni və dünyada baş verən prosesləri ümumiləşdirərək bir iqtisadçı- alim kimi demək istəyirəm ki, hər şey müqayisədə bilinir. Müqayisə göstərir ki, Azərbaycan üçün sabitlik və mütənasib inkişaf əsas traektoriyalardır və mən bunu alqışlayıram".

Skat.az - Ev və Avtomobil elanları