Azərbaycan daha çox qaz tədarük etməyə hazırdır. Lakin bunun üçün Avropadakı tərəfdaşlarımızın əməkdaşlığına və öhdəlik götürməsinə ehtiyacımız var.
Yurd.Media xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunan "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.
O qeyd edib ki, Azərbaycan Avropaya qaz tədarükünün artırılması məqsədilə Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi imkanlarını tərəfdaşları ilə müzakirə edir.
R. Nəcəf qeyd edib ki, Azərbaycanın qaz hasilatının artırılmasına xidmət edən bir sıra layihələr də icra olunur:
"Hazırda "Şahdəniz Kompressiya" layihəsi davam etdirilir. Bununla yanaşı, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından ilk qeyri-assosiasiyalı qazın hasilatına başlanılıb. "Babək" strukturu, "Abşeron" yatağının tammiqyaslı işlənməsi və digər layihələr yaxın illərdə bazara əlavə qaz həcmlərinin çıxarılmasına imkan verəcək. Həmin qaz həcmləri həm ölkənin daxili tələbatının ödənilməsinə, həm də ixrac imkanlarının genişləndirilməsinə yönəldiləcək".
O bildirib ki, Azərbaycanın əsas prioriteti regiondakı müştərilərinə dayanıqlı və etibarlı enerji təchizatını təmin etmək və regional enerji təhlükəsizliyinə töhfə vermək olaraq qalır: "Şirkətin əsas fəlsəfəsi etibarlı təchizatın təmin edilməsidir və bu yanaşma dəyişməyib, gələcəkdə də dəyişməyəcək. Ötən illə müqayisədə Azərbaycanın qaz ixrac etdiyi coğrafiya daha da genişlənib. Hazırda təchizat regionuna Avropa, Gürcüstan və Türkiyə ilə yanaşı, Suriya da daxildir".